Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədi qorumaq üçün təcili olaraq sərhədə 100 əsgər göndərib. Litvanın müdafiə naziri Robertas Kaunas LRT-yə bildirib ki, qərar 7 oktyabrda Daxili işlər naziri Martynas Katelinasın xahişi ilə verilib.
O, bu xahişi Latviya-Belarus sərhədində baş verən insidentdən sonra edib. Hadisə zamanı 20 nəfər silahlı şəxslərin müşayiəti ilə Avropa İttifaqına qanunsuz daxil olmağa cəhd edib. Kaunas bildirib ki, Rusiyada mümkün səfərbərlik səbəbindən "aqressiv düşüncə tərzinə malik əcnəbilərin axını" riskinin qarşısını almaq üçün Kalininqrad vilayəti yaxınlığında dərhal qoşunların yerləşdirilməsinə qərar verib.
Qoşunun sərhəddə bir neçə həftə qalması planlaşrırılır, lakin zərurət yaranarsa, Litva hakimiyyəti həm qoşunların sayını, həm də qalma müddətini artıra bilər. "Rusiyanın səfərbərlik planlaşdırdığı ictimaiyyətə məlumdur. Rusiya vətəndaşlarının səfərbərlikdən qaçması ehtimalı yüksəkdir. Bu halda, onlar ya Polşaya, ya da Litvaya qaça bilərlər və biz də təhlükəsizliyimizi təmin etməliyik. Sərhəddə maksimum müdafiə təmin etmək istəyirik", - deyə müdafiə naziri vurğulayıb.
Kaunas həmçinin qeyd edib ki, Belarusla sərhəddən fərqli olaraq, Kalininqrad vilayətinin yaxınlığında divar və ya hasar kimi fiziki maneələr yoxdur, ona görə də təhlükəsizlik üçün əlavə insan resursları cəlb olunması vacib idi.
Tahir TAĞIYEV