2009-cu ildə Fort-Hud hərbi bazasında 13 nəfəri öldürən ABŞ Ordusunun keçmiş mayoru Nidal Malik Həsənin edam prosesi canlı efirdə yayımlanacaq. "Reuters" agentliyi bu barədə Pentaqonun sözçüsünə istinadən məlumat yayıb. Güllələnmə yolu ilə həyata keçiriləcək edamın dekabrın 3-də Texas ştatındakı Fort-Hud bazasında icrası nəzərdə tutulub. "Reuters" qeyd edir ki, Həsən 1945-ci ildən bəri ABŞ ordusu tərəfindən güllələnmə yolu ilə edam edilən ilk məhkum olacaq. 56 yaşlı Həsənin güllələnmə yolu ilə edam edilməsi təklifi ABŞ-ın müdafiə naziri Pit Hegset tərəfindən irəli sürülüb və ABŞ Prezidenti Donald Tramp tərəfindən dəstəklənib. AFP-nin məlumatına görə, Hegset müsahibəsində bildirib ki, Həsən "əsgərlərdən ibarət atıcı dəstə" ilə üzləşəcək və "biz insanların bunu görməsini, edamın açıq şəkildə həyata keçirilməsini təmin edəcəyik". 2009-cu il noyabrın 5-də Fələstin əsilli amerikalı Nidal Həsən Fort-Hudda tibbi müayinə üçün toplaşmış silahsız hərbçi yoldaşlarına "Allahu Əkbər!" qışqıraraq atəş açıb. Cavab atəşi nəticəsində yaralanan cani o vaxtdan bəri iflic vəziyyətdədir. Hərbi tibb işçisi olan Həsən öz hərəkətlərini Əfqanıstandakı müsəlmanları Amerika əsgərlərindən qorumaq istəyi ilə izah edib. 2013-cü ildə mayor Həsən irəli sürülən bütün 32 ittiham üzrə təqsirli bilinib və hərbi tribunal dörd saatlıq müşavirədən sonra yekdilliklə ona ölüm hökmü çıxarıb. Məhkəmə cinayətin "Əl-Qaidə" terror şəbəkəsinin ideologiyasından qaynaqlandığını müəyyən edib. Nidal Həsən hökmü tam sakitliklə dinləyib. Məhkəmə prosesi boyu o, heç vaxt təqsirini inkar etməyib; vəkil xidmətindən imtina edərək özünü özü müdafiə edib, lakin öz müdafiəsi üçün heç bir şahid və ya ifadə təqdim etməyib. Məhkəmə tərəfindən təyin edilmiş vəkillər Həsənin qəsdən ölüm hökmünə nail olmağa çalışdığı fikrini irəli sürüblər. O vaxtdan bəri o, Kanzas ştatındakı hərbi həbsxanada saxlanılır. AFP qeyd edib ki, 2025-ci ilin əvvəlində Trampın Ağ Evə qayıtmasından sonra ABŞ-da həyata keçirilən edamların sayı kəskin şəkildə artıb. Güllələnmə yolu ilə edam beş ştatda qanuni olaraq təsdiqlənmiş ölüm cəzası üsuludur.
SAMİRƏ