Hüseyn İbrahimov: “Nikolun xəbərdarlığı o deməkdir ki, dəmir yolları ilə bağlı qeyri-müəyyən vəziyyət davam edə bilməz”
Rəsmi İrəvan Rusiya ilə Ermənistan dəmir yollarının konsessiya idarəçiliyi ilə bağlı müqaviləni ləğv etmək üçün vasitələrə malikdir. Bunu Baş nazir Nikol Paşinyan bildirib.
Daha sonra bunları qeyd edib: “Hökumətin konsessiya müqaviləsini ləğv etmək üçün vasitələri və hətta əsaslandırması var. Vaxtı gələndə bu barədə danışacağıq. Bu gün konsessiya müqaviləsini ləğv etmək üçün siyasi qərar qəbul etsək, bunun üçün hüquqi əsas mövcuddur. Məsələ siyasi qərarla bağlıdır”.
Paşinyan əlavə edib ki, Ermənistan bu yolla getmək istəmir: “Biz dostcasına yol seçmək istəyirik. Rusiyalı həmkarlarımızdan konsessiya hüquqlarını həm Rusiya, həm də Ermənistan üçün məqbul olan üçüncü bir ölkəyə satmağı xahiş etmişik və etməyə davam edirik”.
Bir sözlə, Paşinyan açıq bəyan edir ki, Rusiya ilə müqaviləni poza bilərik.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən sosioloq Hüseyn İbrahimovun fikrincə, bu, o deməkdir ki, Ermənistan hakimiyyəti daha gözləmək fikrində deyil: “Məsələ ondadır ki, Ermənistanda fəaliyyət göstərən Cənubi Qafqaz Dəmir Yolu QSC "Rusiya Dəmir Yolları"nın tam mülkiyyətində olan törəmə müəssisəsidir. Cənubi Qafqaz Dəmir Yolları 2008-ci ildə "Rusiya Dəmir Yolları" ilə Ermənistan arasında imzalanmış konsessiya müqaviləsi çərçivəsində Ermənistanın dəmir yolu nəqliyyat sistemini idarə edir. Müqavilə 30 il müddətinə imzalanıb və əlavə 10 il uzadılması imkanı var. Paşinyan ilk əvvəl tələb etdi ki, bir sıra istiqamətlərdə olan dəmir yol xətləri yenidən qurulsun. Rusiya bundan yayınır. Ona görə də Paşinyan dəmir yollarının konsessiya idarəçiliyinin Qazaxıstana verilməsi tələbi ilə çıxış etdi. Qazaxıstan Rusiya ilə yaxın əlaqələrə malikdir. Paşinyan güman edirdi ki, Moskva buna razı olacaq. Ancaq Kreml bu varianta da razı olmadı. Çünki Rusiya Cənubi Qafqaz Dəmir Yolu QSC-yə bir siyasi təzyiq vasitəsi kimi baxır. Yəni bu yolla Ermənistanı Rusiyadan asılı vəziyyətində saxlasın. Onsuz da “Rusiya Dəmir Yolları” şirkəti ciddi iqtisadi zərərlə işləyir. Qurumun borcu 50 milyard dolları ötüb. Onların elə bir imkanı yoxdur ki, Ermənistan dəmir yollarını yenidən qursunlar. Buna baxmayaraq, siyasi səbəblərdən Moskva idarəçilikdən imtina etmir. Paşinyanın xəbərdarlığı o deməkdir ki, dəmir yolları ilə bağlı qeyri-müəyyən vəziyyət davam edə bilməz. Yəni Rusiya seçim erməlidir. Ya Rusiya üzərinə götürdüyü öhdəliklərdən irəli gələn məsələləri həll etməlidir. Ya da konsessiyadan imtina etməlidir. Əgər bu olmazsa, o zaman Ermənistanın dəmir yollarının konsessiya idarəçiliyi ilə bağlı müqaviləni birtərəfli qaydada ləğv etməsi qaçılmazdır”.
Vidadi ORDAHALLI