Ramil Hüseynov: “Düşünmürəm ki, Çinin zəmanətçi ölkə olması nəyisə dəyişsin”
Ukrayna Prezidenti Volodimir Zelenski Çin və Hindistanın Ukraynanın təhlükəsizlik zəmanəti verən ölkələrin sırasına daxil ola biləcəyini deyib.
Ukrayna prezidenti Hindistanın televiziya kanallarından birinə verdiyi müsahibədə fikirlərini belə izah edib: “Ukrayna təhlükəsizlik zəmanətində maraqlıdır. Biz bu təkliflə Çinə və Türkiyəyə müraciət etmişik. Hindistanın da təhlükəsizlik zəmanəti verən ölkələrin siyahısına qoşulmasını istəyirik. Hindistan dünyanın qüdrətli ölkələrindən biridir və belə bir prosesdə iştirakı hamı üçün faydalı olar”.
Çin və Hindistanın bu işə daxil edilməsi Rusiyanı dayandıracaqmı? Ümumilikdə bu, nəyisə dəyişə bilərmi?
Sözügedən məsələyə aydınlıq gətirən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynovun fikrincə, prinsipcə Çin və Hindistanın prosesə qoşulması ümumi işə müsbət təsir edə bilər, ancaq ortada bir sıra məsələlər var: “Problem ondadır ki, Rusiya prezidenti Vladimir Putin müharibəni dayandırmaq istəmir. Bir neçə ay əvvəl Hindistanın dövlət başçısı Narendra Modi Putinlə görüşündə müharibəni dayandırmaqla bağlı çağırış etdi. Ancaq Putin bunu görməzdən gəldi. Müharibəni dayandırmaqla bağlı Çin Rusiyaya təsir etmək gücündədir. Çin Rusiyanı lazım olan bir sıra vacib avadanlıq və komponentlərlə təmin edir. Əvəzində Çin Rusiyadan nefti çox ucuz qiymətə alır. Ona görə də Çin müharibənin dayandırılmasında maraqlı deyil. Çin Rusiyanın nə qalib gəlməsində, nə də uduzmasında maraqlı deyil. Pekin hesab edir ki, Rusiya uduzsa növbəti hədəf Çin olacaq. Bu zaman Birləşmiş Ştatların qarşısını kimsə ola bilməz. Onsuz da Asiyanın Sakit okean hövzəsində, Hind okeanından keçən ticarət yollarında Çinə problemlər yaradılır. Yox əgər Rusiya Ukraynada qalib gəlsə, bu da Pekinə sərf etmir. Bu zaman Rusiyanın Çindən asılılığı azalacaq və nefti, digər mineral resursları ucuz qiymətə satmaz. Bu baxımdan düşünmürəm ki, Çinin zəmanətçi ölkə olması nəyisə dəyişsin. Ən azından ona görə ki, Çin müharibənin dayandırılması ilə bağlı Rusiyaya heç bir təzyiq göstərməyib. Bundan sonra da belə bir təzyiq göstərəcəyi real görünmür. Çünki qeyd edildiyi kimi, bunda maraqlı deyil”.
Vidadi ORDAHALLI