İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlayacağı halda, ABŞ Silahlı Qüvvələri İranın enerji və nüvə infrastrukturu obyektlərinə kütləvi hava hücumları təşkil etməyi planlaşdırır.
“Axios” Pentaqonun planları ilə tanış olan məlumatlı mənbələrə istinadən xəbər verir ki, ötən cümə günü ABŞ prezidenti Trampın milli təhlükəsizlik qrupu Kemp Deviddə çoxsaatlıq görüş keçirib. İsrail rəsmisi “Axios”a bildirib ki, görüşün bir hissəsi İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpasına həsr olunub.
ABŞ rəsmilərinin sözlərinə görə, bundan sonra bir neçə gün əvvəl Pentaqon ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaması üçün hazırlıqları başa çatdırmağı tapşırıb. Pentaqonun sözçüsü bildirib ki, nazirliyin işi hərbi variantları hazırlamaq və prezidentə təqdim etməkdir.
Portalın mənbələrinə görə, Pentaqon direktivində zərbələrin konkret tarixi göstərilməyib və Tramp hələlik yekun qərar verməyib.
Bu arada "The Atlantic" qəzeti Trampın ara seçkilərdən əvvəl İrana zərbə endirməyi düşündüyünü bildirib. Qeyd edilir ki, Tramp Pentaqona İrana zərbə planı hazırlamağı tapşırıb. Ancaq “Axios” mənbələri ara seçkilərindən əvvəl İrana hücum ehtimalının az olduğunu bildirirlər.
"İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaması ilə bağlı müzakirələr güclənib. Bunun seçkilərdən (ABŞ Konqresinin noyabr ayında keçiriləcək ara seçkiləri) əvvəl baş vermə ehtimalı azdır, lakin biz bunu istisna etmirik. Ara seçkilərdən sonra belə bir hücum ehtimalı əhəmiyyətli dərəcədə artır", - deyə ikinci İsrail rəsmisi qeyd edib.
Bu arada, “Axios” qeyd edib ki, Ağ Ev sözçüsü Trampın istənilən vaxt istənilən hərəkət kursunu seçmək imkanına malik olduğunu deyib. "Amerika Birləşmiş Ştatları çox güclü mövqedədir: Hörmüz boğazına nəzarət edir. İran iqtisadiyyatı isə çökür. İran çox əziyyət çəkir və hadisələr iki yolla - asan və ya çətin şəkildə inkişaf edəcək. Prezident Tramp bütün kartları əlində saxlayır və o, ABŞ üçün ən yaxşısını edəcək", - deyə rəsmi bildirib.
“Axios” həmçinin qeyd edir ki, aktiv hərbi əməliyyatlar yenidən başlasa, çox güman ki, onlar ABŞ və İsrail arasında sıx əməkdaşlıq və İsrail qüvvələrinin iştirakı ilə həyata keçiriləcək. İki İsrail rəsmisi İran rejiminin vəziyyətini çarəsiz və paranoyak kimi təsvir edib ki, bu da onu qabaqlayıcı zərbə endirməyə sövq edə bilər.
Tahir TAĞIYEV