ABŞ prezidenti Donald Tramp vəba tədqiqatlarında iştirak edən rusiyalı laboratoriya işçisinin ölümünün bioloji silahlarla əlaqəli olmadığına inandığını bildirib.
Rusiyadakı vəba hadisəsi kontekstində bioloji silahların olub-olmadığı sualına Tramp "Tezliklə öyrənəcəyik, amma düşünmürük" cavabını verib.
O bildirib ki, Rusiya rəsmiləri amerikalı həmkarlarına vəziyyətin nəzarət altına alındığına dair zəmanət veriblər. Tramp həmçinin 2020-ci ilin əvvəllərində Çin rəsmilərinin COVID-19 virusunun qlobal pandemiyaya səbəb olmadan əvvəl onu cilovlaya bildiklərini iddia etdikləri hadisələrlə bəzi oxşarlıqları etiraf edib.
"Çin çox şey demədi, Rusiya da çox şey demir. Amma onlar deyirlər ki, hər şey çox nəzarət altındadır" – deyə Tramp bildirib.
ABŞ prezidenti əlavə edib ki, Rusiya hakimiyyət orqanlarının bu işlə bağlı daha çox məlumat verməsini gözləyir və Rusiyanın bu məlumatı paylaşmaqda indiyə qədər ləng hərəkət etməsindən məyus olduğunu bildirib.
"Mən indicə əməkdaşlarımızla görüşdüm. Bizim parlaq mütəxəssislərimiz var. Onlar baş verənlər haqqında hər şeyi bilirlər. Və bütün bu məlumatlar onlardan keçir", - deyə o bildirib.
Tramp həmçinin Rusiya lideri Vladimir Putinlə məsələni müzakirə etmək üçün telefon danışığı planlaşdırdığını deyib.
Tahir TAĞIYEV