Pakistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrin Yəməndə İranın dəstəklədiyi Husi üsyançılarına qarşı fəal şəkildə hərbi əməliyyatlara qoşulduğu bildirilir. İddialara görə, Pakistan birbaşa quru əməliyyatında iştirak etmək istəmir, sadəcə hava dəstəyi ilə pilotsuz təyyarə və raket təhdidini zəiflətməyi hədəfləyir.
Pakistanın yüksək vəzifəli hərbi rəsmisinin “The New York Times” qəzetinə verdiyi açıqlama İslamabadın İranın dəstəklədiyi qrupa qarşı Səudiyyə Ərəbistanının rəhbərliyi ilə yenidən başladılan müharibəyə hava qüvvələri ilə daxil olduğunu göstərən ilk rəsmi mənbə olub.
Məsələ ilə bağlı məlumat verən ikinci bir Pakistan rəsmisi, ölkəsinin Yəməndəki hərbi rolunun birbaşa quru əməliyyatında iştirak etməkdənsə, hava dəstəyi vermək ətrafında qurulduğunu bildirib. Rəsmi vurğulayıb ki, Pakistan qüvvələri Husilərin dron və raket təhdidlərini zəiflətməyi hədəfləyir.
Heç bir rəsmi əməliyyatlar üçün neçə qırıcı təyyarənin havaya qaldırıldığını, hansı strateji hədəflərin vurulduğu və ya hava hücumlarının nə vaxt başladığı barədə təfərrüatları açıqlamayıb.
Pakistan ordusu isə məsələ ilə bağlı rəsmi açıqlama verməkdən imtina edib.
ABŞ ordusunun keçmiş attaşesi və Müdafiə Kəşfiyyat Agentliyinin (DIA) analitiki polkovnik Devid Smit iddia edir ki, Pakistan Səudiyyə Ərəbistanına təxminən 8000 əsgər göndərib. Məlumata görə, bu qüvvələrə Pakistan Hərbi Hava Qüvvələrinin personalı və ordudan hava hücumundan müdafiə bölmələri daxildir.
Smit bildirib ki, bu hərbi elementlərin əsas missiyası Səudiyyə Ərəbistanının neft infrastrukturunu qorumaqdır.
Keçmiş ABŞ rəsmisi, İslamabadın qonşusu Tehranla diplomatik tarazlığı qorumaq səylərini nəzərə alaraq, Pakistan qüvvələrinin Husilərlə birbaşa quru döyüşündə iştirak etməsinin mümkün olmadığını deyir.
Tahir TAĞIYEV