Ermənistanın vəziyyəti 1915-ci ildən daha pisdir, indi biz birdən iki türk dövləti ilə üz-üzəyik, halbuki o vaxt indiki Azərbaycan ərazisi Rusiyanın, sonra isə SSRİ-nin təsiri altında idi. Bunu NEWS.am-nın müxbiri ilə söhbətində politoloq Artur Xaçikyan deyib.O, izah edib ki, Rusiya indi Türkiyə və Azərbaycanla qarşıdurmaya girmək istəmir. Xaçikyan istisna etmir ki, Moskva Ermənistanda indi olduğu kimi, daim güzəştə gedən və Rusiyanı öhdəliklərini yerinə yetirməkdən azad edən hakimiyyətin mövcudluğundan faydalanır. O, Rusiyanın Türkiyə və Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyinə əminliyini ifadə edərək, Moskvanın Ermənistanın Türkiyə ilə problemlərini sakit şəkildə həll etməyə imkan verən mövqeyindən razı qaldığını deyib.
“Ermənistan formal olaraq Rusiya ilə müttəfiqlik münasibətlərində qalır, amma əslində biz bu münasibətləri dəfələrlə pozduq və Moskvaya zəmin yaratdıq ki, nəsə olarsa, bizə kömək etməsin”, - deyə ekspert qeyd edib. Ekspertə görə, Ermənistanın ABŞ üçün heç bir dəyəri yoxdur. Politoloq əlavə edib ki, Şərqdə türkdilli xalqların daxil olacağı türk imperiyasının yaradılmasına Ermənistan əngəl törədir.“Biz Azərbaycan və Türkiyənin İran və Rusiyaya qarşı vahid dövlətdə birləşməsinə mane oluruq. Bu planlar həm də ABŞ və İsrailin maraqlarına uyğundur. İran müqavimət göstərir, amma indi Tehranı nüvə proqramı üzrə razılaşmaya razılıq verməyə, həmçinin Ermənistan üzərindən dəhlizin açılmasına qarşı çıxmamağa məcbur edirlər”, - deyə o vurğulayıb. Onun fikrincə, Ermənistan çox fəal diplomatik iş aparmalıdır, lakin hakimiyyət heç nə etmir. “Əvəzində Ermənistanın ABŞ-dakı səfiri seçkilərdə Kamala Harrisi birtərəfli dəstəkləməklə bu ölkənin daxili işlərinə qarışıb. “Və Tramp bunu unutmayacaq”, – deyə Artur Xaçikyan əlavə edib.
Surxay Əliyev