Dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına işgüzar səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında iştirak və çıxış edib. Ceyhun Bayramov müqəddəs Ramazan ayı münasibətilə bütün İslam dünyasına ən xoş arzularını çatdırıb.
Qəzza bölgəsi və Fələstindəki mövcud humanitar böhran, günahsız insanların kütləvi tələfatı, infrastrukturun məhvi, bölgədəki qida və su qıtlığının narahatlıq mənbəyi olaraq qaldığı, mülki şəxslərin ölümünə səbəb olan güc tətbiqinin qəbuledilməz olduğu və bu vəziyyətə son qoyulması üçün təcili və qətiyyətli addımların atılmasının vacibliyi qeyd edilib.
Bu istiqamətdə, beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və güc tətbiqinin yolverilməzliyi prinsiplərinin üstün tutulmalı olduğu diqqətə çatdırılıb. Ölkəmizin yanvar ayında əldə olunmuş atəşkəsi müsbət qiymətləndirdiyi diqqətə çatdırılıb, mövcud həssas vəziyyətdə atəşkəsin pozulması və eskalasiyaya gətirəcək addımlardan çəkinilməsinin vacibliyi vurğulanıb.
Mətləb Salahov