Martın 4-də Bakı Hilton Oteldə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi Tərəfindən “Stratcom Public Forum” çərçivəsində “Daha Ədalətli Bir Dünya Mümkündür” adlı panel toplantı keçirilib.
Millət vəkillərinin, elm adamlarının və mətbuat nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir bu gün dünyamızda baş verən geosiyasi qarşıdurmalar və kataklizmlər fonunda ortaya çıxan ədalətsizliklərdən danışıb. Bu ədalətsizliklərin aradan qaldırılması yollarının aranmasının Türkiyə tərəfinin gündəmində əsas yerlərdən birini tutduğunu bildirən İşbilir bu səylərin dünyada həqiqi ədalətin formalaşmasını hədəflədiyini qeyd edib.
Daha sonra Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun tədbir iştirakçılarına video müraciəti təqdim edilib.
Video müraciətində Türkiyə PA rəsmisi deyib ki, Türkiyə olaraq dünyada ədalət və bütövlük ideyasına tam sadiqik: “Bu vizyon qlobal miqyasda Türkiyənin beynəlxalq inteqrasiyasını hədəfləyir. Məlumdur ki, BMT-nin əsas missiyası və proseslərə müdaxiləsi son dövrlərdə xeyli zəifləyib. Məhz bu kontekstdə Türkiyənin cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” fikri daha ədalətli bir dünyanın mümkünlüyünü vurğulayır…
Təşkil etdiyimiz panel müzakirələr fərqli fikirləri bir araya gətirərək daha güclü dialoq mühiti formalaşdırmağa yönəlib. Bu forum daha ədalətli bir dünya naminə inamımızı daha da artırır”.
Sonra panel ekspert çıxışları ilə davam edib. Daha sonra isə mətbuata qapalı Dəyirmi masa öz işinə başlayıb.
SAMİRƏ