Türkiyə ABŞ prezidenti Donald Trampın Qəzza sakinlərinin məskunlaşdırılması ideyasını rədd edərək, bunu qəbuledilməz sayır. Bu sözləri Türkiyə Xarici İşlər Naziri Hakan Fidan fevralın 27-də “Əl-Cəzirə”yə müsahibəsində deyib. Fidan vurğulayıb ki, Trampın təklifi tamamilə qəbuledilməzdir və nəzərdən keçirilməyə belə layiq deyil.Hakan Fidan qeyd edib ki, bizim mövqeyimiz aydındır və belə bir təklifi qəbul edə bilmərik. Misirin, İordaniyanın, Körfəz ölkələrinin, ərəb dövlətlərinin və bütün İslam dünyasının buna münasibəti bəllidir. Dünyanın əksər ölkələri, o cümlədən Avropa İttifaqı da bu təşəbbüsə qarşıdır.Hakan Fidana görə,bu təklifi dəstəkləyən yalnız iki ölkə ola bilər: Amerika və İsrail. Dünyanın qalan hissəsi qəti şəkildə buna qarşıdır. "Bu, ağıl tutulmasıdır", - deyə Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib. Xatırladaq ki, Tramp Qəzza zolağına nəzarətin ABŞ-a verilməsini, bərpa işlərinin təşkilini və regionun beynəlxalq turizm mərkəzinə çevrilməsini, Qəzza zolağının “Yaxın Şərqin Rivierası”na çevrilməsini təklif etmişdi.
Surxay Əliyev