Erməni terror təşkilatları ilə bağlı daha bir maraqlı fakt ortaya çıxıb. İtaliyanın “Blitz Quotidiano” saytı bu barədə yazıb. İtaliyalı Ezio Qavazzeninin müəllifi olduğu “Papa ölməlidir” adlı kitabda türk Mehmet Ali Ağcanın 1981-ci il mayın 13-də Papa II İoann Paveli ASALA terror qruplaşmasının tapşırığı ilə güllələyərək ağır yaraladığı iddia edilir. Saytın dərc etdiyi materialda 80-ci illərə damğa vuran bu silahlı hücumun təfərrüatları açıqlanıb. Bildirilir ki, Ezio Qavazzeni ört-basdır edilmiş, gizlədilmiş tarixi həqiqətin izinə düşərək kitab yazıb. O, Polşa əsilli papaya qarşı sui-qəsd cəhdinin arxasında erməni terrorunun dayandığını sənədlərlə sübut edib. Mehmet Ali Ağcanın silahlı hücumdan əvvəl İstanbuldakı “Opera” kafesində ASALA qruplaşmasının erməni terrorçuları ilə görüşdüyü bildirilir. “Mən məxfi xidmətlərdə, Vatikanda və daha bir çox yerdə 400 sənədi araşdırmışam”, - deyə Qavazzeni həftəlik “Gente” jurnalında müsahibəsində qeyd edib. Qavazzeninin sözlərinə görə, Mehmet Ali Ağca ASALA-nın tapşırığı ilə bu sui-qəsd addımını atıb. Müəllif iddia edir ki, ASALA qruplaşması, həmçinin 1983-cü ildə vatikanlı məktəbli Emanuela Orlandinin oğurlanmasına görə də məsuliyyət daşıyır.
Mətləb