Çinin xarici işlər naziri Vanq Yi bildirib ki, ölkəsi ABŞ və Rusiyanın Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün əldə etdiyi “son konsensus”u dəstəkləyir. Bu barədə “Politico” Çin Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Xarici işlər naziri Cənubi Afrikada keçirilən G20 sammitində deyib ki, Pekin “maraqlanan tərəflərin bir-birinin narahatlığına cavab verən davamlı və qalıcı həll yolu tapa biləcəyinə ümid edir”. Bəyanatda deyilir ki, “Çin ABŞ və Rusiya tərəfindən əldə olunmuş son konsensus da daxil olmaqla, sülh üçün bütün səyləri dəstəkləyir” və sülh danışıqlarında “konstruktiv rol” oynamağa hazırdır. Çinin xarici işlər nazirinin bəyanatı ABŞ və Rusiya rəsmilərinin bu həftə Kiyevin iştirakı olmadan Səudiyyə Ərəbistanında müharibənin dayandırılmasının müzakirə edildiyi görüşmədən sonra verilib. Ər-Riyadda keçirilən danışıqlar Vaşinqton və Moskvanın Rusiya üçün əlverişli şərtlərlə sülh sazişi əldə edə biləcəyi ilə bağlı narahatlıqları artırıb.
Surxay Əliyev