Şəmsəddin Əliyev: "Seçki zamanı qanın pozuntusuna yol verənlər məsuliyyətə cəlb olunmalıdır"
Mərkəzi Seçki Komissiyasının bələdiyyə seçkilərinin yekunları ilə bağlı qərarı yekdilliklə qəbul edilib. Belə ki, 11 seçki məntəqəsi yol verilmiş nöqsanlara görə buraxılıb. Seçki pozuntularına və nöqsanlara qarşı mübarizə çox vacibdi. Bu mənada MSK-nın fəaliyyəti təqdir olunur. Ancaq nöqsanlar nə deməkdir? Nöqsana yol vermiş seçki komissiya üzvünə konkret cəza vermək olar. Komissiya üzvlüyündən çıxarmaq olar. Əgər bu komissiyaların bütün üzvləri hamılıqla nöqsanlara yol veriblərsə, bu artıq mütəşəkkil cinayətkarlıqdır və onların əməlinə görə komissiyanı buraxmaq yox, cinayət işi qaldırmaq lazım idi.
"Seçki zamanı bilə-bilə saxtakarlığa yol verilibsə, vəzifədən istifadə edibsə bu hal cinayət halı sayılır"
Mövzu ilə bağlı fikir bildirən hüquqşünas Şəmsəddin Əliyev baki-xeber.com-a açıqlamasında qeyd etdi ki, qanunvericilikdə Azərbaycan dövlətinin ali məqsədi ehtiva edilib. İnsan hüquq və azadlıqlarının və Azərbaycan vətəndaşlarının həyat səviyyəsini təmin etmək dövlətimizin ali məqsədidir: "Seçki kampaniyası ilə bağlı deyim ki, komissiya üzvləri, orda iştirak edənlər öz vəzifələrini mütləq mənada layiqincə yerinə yetirməlidirlər. Onlar bilir ki, məntəqə komissiyalarının və digər üzvlərin vəzifələri nədən ibarətdir. Seçki zamanı bilə-bilə saxtakarlığa yol verilibsə, vəzifədən istifadə edibsə bu hal cinayət halı sayılır. Baş vermiş hadisə elə bir hadisədir ki, ört-basdır edilməməlidir. Hadisə mütəşəkkil bir qrup tərəfindən törədilibsə, yüngülləşdirici hal tətbiq edilə bilməz. Baş vermiş hadisəni istintaq araşdırıb müəyyən edəcək. Seçki zamanı qanın pozuntusuna yol verənlər məsuliyyətə cəlb olunmalıdır".
Günel CƏLİLOVA