Rumıniya parlamentinin 19 deputatı bəyanatla çıxış ediblər. Bu barədə Rumıniyanın “ Newsweek ” nəşri yazıb. Məlumatda deyilir ki, rumıniyalı deputatlar Azərbaycanın beynəlxalq hüquqa riayət etmək və onilliklər boyu Kreml tərəfindən dəstəklənən separatçı hərəkatın rəhbərlərini məsuliyyətə cəlb etmək səylərini dəstəklədiklərini bəyan ediblər. Qrupun deputatlarından biri olan Kristian Terhes Moskva tərəfindən dəstəklənən postsovet ölkələrindəki separatizmdən qaynaqlanan regional təhlükəsizlik və sabitliyə davam edən təhdidlərlə bağlı ciddi narahatlığını ifadə edib. K.Terhes qeyd edib ki, "Putinin pul kisəsi" kimi tanınan Ruben Vardanyan və Qarabağın digər separatçıları üzərində Bakıda keçirilən məhkəmə prosesi beynəlxalq ictimaiyyətə nümunə göstərir və Kremlin maraqları naminə öz dövlətlərinin suverenliyini pozmağa davam edənlərə aydın siqnal göndərir: "məsuliyyət qaçılmazdır və cəzadan yayınmaq mümkün deyil". "Bakıda R.Vardanyan və Araik Arutyunyan da daxil olmaqla digər separatçı liderlər üzərində məhkəmə prosesləri Qafqaz və Avropada Kreml tərəfindən dəstəklənən onillik antikonstitusion fəaliyyətə görə ədalətli cəzalandırma nümunəsi olmalıdır", - deputatların bəyanatında vurğulanıb.
Mətləb Salahov