Erməni terroçularının bir zamanlar Azərbaycan əleyhinə törətdikləri cinayətlərin təfərrüatları artıq gün üzünə çıxmağa başlayıb. Bu əliqanlı terrorçuların məsum insanlara qarşı amansız cinayətlərinə dair yeni-yeni faktlar ortaya çıxdıqca erməni faşizminin əsl iç-üzü də ortaya çıxır. Aydın görünür ki, erməni vandalizmi xalqımıza qarşı daima ən amansız düşmənçilik mövqeyi sərgiləyib. Fevralın 11-də Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib. Məhkəmə zamanı bu erməni canilərinin jurnalist Salatın Əsgərovanı necə öldürdükləri barədə faktlar açıqlanıb. Məlum olub ki, 1991-ci il yanvarın 9-da Şuşa rayonu istiqamətində hərəkətdə olan “UAZ-469” markalı avtomobili atəşə tutaraq sürücü Qoyek İvan İvanoviçə, avtomobildə sərnişin qismində əyləşmiş sovet ordusunun hərbi qulluqçuları – 44682 nömrəli hərbi hissənin kəşfiyyat polkunun komandiri, polkovnik-leytenant Larionov Oleq Mixailoviçə və Laçın hərbi komendantlığının qərargah rəisi, mayor İvanov İqor Yuryeviçə, “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri, xidməti vəzifələrini yerinə yetirmək üçün həmin əraziyə ezam olunmuş jurnalist Əsgərova Salatın Əziz qızına güllə yaraları kimi müxtəlif bədən xəsarətləri yetirilərək, 4 nəfər şəxs qəsdən öldürülüblər.
Mətləb Salahov