İran hakimiyyəti uşaqlara türk adları qoymağı qadağan edir. İran Vətəndaşlarının Qeydiyyatı üzrə Milli Təşkilat Güney Azərbaycanda doğulan uşağa şəxsiyyət vəsiqəsi verməkdən imtina edib, çünki “İlkin” adı türk mənşəlidir. Uşağın atası Babək Hüseyni Müqəddim sosial şəbəkədəki səhifəsində bu məsələ ilə bağlı açıqlama verib. “Uşağıma şəxsiyyət vəsiqəsi almaq üçün İran Vətəndaşlarının Qeydiyyatı üzrə Milli Təşkilatına getdim. “İlkin” adının türk olduğunu, icazə verilən adlar siyahısında olmadığını deyərək ondan imtina ediblər. Bu mənim haqqımdır, övladıma bu adda sənəd gələnə qədər mübarizə aparacam”.
Qeyd edək ki, uzun müddətdir İran hakimiyyəti türk adlarını qadağan etmək siyasəti yürüdür. Güney Azərbaycan sakinləri türk adlarına görə övladlarına şəxsiyyət vəsiqəsi ala bilmədiklərini iddia edirlər. İran Vətəndaşlarının Qeydiyyatı üzrə Milli Təşkilatın hərəkətləri Güney Azərbaycanda ciddi etirazlara səbəb olub. Bir çox azərbaycanlı ailə onlara edilən təzyiqlərlə bağlı sosial şəbəkələrdə məlumat dərc etmək qərarına gəlib.
Molla rejimi azərbaycanlı körpələrə qoyulacaq adın əcnəbi (türk) olduğunu əsas gətirərək ona doğum haqqında şəhadətnamə verməkdən imtina edir. Son zamanlar İranda bu mövzu ilə bağlı narazılıqlar artıb. Lakin molla rejimi Güney Azərbaycanda yeni doğulan körpələrə türk mənşəli deyil, fars adların qoyulmasını tələb edir.
“Hazırki İran hakimiyyəti bu cür qadağalarla Azərbaycan türklərini assimilyasiya etməklə onları fars dilinin, mədəniyyətinin, etnosunun bir qolu saymağa çalışır”
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, türk adlarının qoyulması türk etnosunun milli mənlik şüuru, özünüdərk şüuru deməkdir. İran hakimiyyəti türkun özünüdərkindən, milli mənlik şüurunun yüksəlməsindən qorxur: “Bu səbəbdən də bu cür qadağalar tətbiq edir. Çox təəssüf ki, İran hakimiyyəti bu hərəkətini də din adı altında həyata keçirir. Hesab edirlər ki, insanlar öz övladlarıa yalnız dini ad qoya bilərlər. Bu da cəmiyyətdə etiraza səbəb olur. Bildirim ki, bu hal yeni deyil. İran rejimi hər zaman bu tip qadağalarla əhalini incidib. Hazırki İran hakimiyyəti bu cür qadağalarla Azərbaycan türklərini assimilyasiya etməklə onları fars dilinin, mədəniyyətinin, etnosunun bir qolu saymağa çalışır. Bu, fars şovinist düşüncəsinin tərkib hissəsidir. Ona görə də Güney Azərbaycanda ana dilində adların qoyulması qadağan olunub. Buna qarşı çıxanlar İran hakimiyyəti tərəfindən cəzalandırılır”.
Günel CƏLİLOVA