25/05/2020 12:19
728 x 90

Böyük ticarət mərkəzləri və “Mall”ar dəhşətli təhlükə mənbəyi kimi - Operativ Qərargah anında qərar verdi...

img

Bu gündən Azərbaycanda iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti dayandırılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilib. Qeyd olunub ki, koronavirus (COVİD-19) infeksiyası dünya ölkələri arasında sürətlə yayılmaqda davam etdiyindən ciddi preventiv tədbirlər tətbiq olunmaqdadır. Bu məqsədlə bir çox ölkələr arasında sərhədlər müvəqqəti bağlanıb, aviauçuşlar dayandırılıb, insanların kütləvi toplaşdığı məkanlar üzrə məhdudlaşdırıcı tədbirlər həyata keçirilib.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək qlobal pandemiya elan olunan koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində bir sıra qaydalar tətbiq olunub, o cümlədən sosial məhdudlaşdırma tədbirləri həyata keçirilir. Bu məqsədlə kütləvi tədbirlər ləğv edilib, insanların sıx toplaşdığı sosial-mədəni obyektlərin fəaliyyəti müvəqqəti dayandırılıb, restoran və kafelərin iş rejimi qısaldılıb. Bunlarla yanaşı, virusun geniş yayılma sürətini nəzərə alaraq insanların kütləvi toplaşdığı məkanlar üzrə əlavə tədbirlərin görülməsi zərurəti yaranıb. Bu baxımdan, nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti 23 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən bir ay müddətinə dayandırılıb. Qeyd edək ki, iri ticarət mərkəzləri ilə bağlı verilən bu qərar əhali tərəfindən müsbət qarşılanıb. Çünki bundan əvvəl hökumətin epideiyanın qarşısının alınması ilə bağlı verdiyi qərarlara heç də əhalinin bütün təbəqələri riayət etmirdi. Məsələn, dövlətin epidemiyanın qarşısını almaq üçün ilk olaraq atdığı doğru addımlardan biri təhsil müəsissələrində dərsləri saxlamaq oldu. Ancaq biz bundan sonra hansı mənzərənin şahidi olurduq? Daha çox görürdük ki, bəzi valideynlər bunu sanki bir “koronavirus bayramı” kimi qeyd edir. Məktəblərdən möhlət verilən övladlarını özləri ilə “Mall”lardakı əyləncə mərkəzlərinə aparırlar. Analoji halları biz alış-veriş mərkəzlərində də görə bilirdik. Bu baxımdan da, Operativ Qərargahın iri ticarət obyektləri ilə bağlı verdiyi qərarı doğru və yerində saymaq olar. Bu, eyni zamanda, əhalini daha da məsuliyyətli olmağa vadar edəcək, ən əsası isə, daha çox evdə qalıb gigiyenalarına fikir verməyə stimullaşdıracaq. Dünyanı bürüyən bu bəla ilə biz yalnız nizam-intizama riayət etməklə mübarizə apara bilərik, əks təqdirdə daha pis mənəzrənin şahidi olarıq.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər