Yəməndəki husi üsyançıları Səudiyyənin cənundakı Nacran bölgəsində 350 km² sahəni ələ keçirib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, belə bir iddia ilə İran dəstəkli husilərə yaxın el-Mesire telekanalına husilərin hərbi sözçüsü Yahya Seri çıxış edib.
Onun sözlərinə görə, husilər aralarında hərbi obyektlərin də olduğu 350 km² sahəni ələ keçirib. Seri əməliyyat zamanı Yəmən ordusundan ən azı 200 nəfərin öldürüldüyünü deyib.
Bundan başqa, Seri Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələrinin, aralarında uşaqların da olduğu 2 mindən çox əsgərini əsir alındığını iddia edib.
Husilərin hərbi sözçüsü pilotsuz uçuş aparatları ilə 20-dən çox hücum təşkil etdiklərini, vurulan hədəflərdən birinin də Səudiyyə paytaxtında hərbi obyekt olduğunu deyib.
Seri bu açıqlamadan bir gün əvvəl, “Allahdan gələn zəfər” adlı əməliyyat çərçivəsində Səudiyyənin minlərlə əsgərini əsir aldıqlarını açıqlamışdı.
Onu da qeyd edək ki, üsyançılar Səudiyyə nişanlı döyüş sursatları, vurulmuş və ələ keçirdikləri iddia olunan çoxsaylı zirehli maşınları nümayiş etdirən video paylaşıb.
Səudiyyə hökuməti hadisə ilə bağlı açıqlama verməyib.