Türkiyə, Pakistan və Malayziya islamofobiya ilə mübarizə aparmaq üçün ingilis dilində ortaq bir televiziya kanalı yaratmaq barədə razılığa gəlib. Baki-xeber.com xəbər verir ki, bunu Pakistan baş naziri İmran Xan deyib.
Bu barədə BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Nyu-Yorkda bu ölkələrin liderləri Rəcəb Tayyib Ərdoğan, İmran Xan və Mahathir Məhəmməd arasında üçtərəfli görüşdə razılıq əldə olunub.
"Prezident Ərdoğan, Baş nazir Mahathir və mən görüşdə üç ölkənin ortaq olaraq, islamofobiya meyllərinə qarşı səylərin gücləndirilməsi və ali dinimiz İslam haqqında anlaşılmazlıqları düzəltmək üçün ingilis dilində bir kanal yaratmağa qərar verdik" – Xan sosial media hesabında yazıb.
Xan müsəlmanlarla bağlı yanlış təsəvvürlərin bu şəkildə aradan qaldırılacağını deyib: “İnsanları məlumatlandırmaq və maarifləndirmək üçün müsəlmanların tarixi haqqında filmlər və seriallar çəkiləcək, müsəlmanlar üçün xüsusi bir media açılacaq”.