Ağ Ev ABŞ prezidenti Donald Tramp haqqında impiçment araşdırmasının başladılmasına səbəb olan, Ukrayna prezidenti Vladimir Zelenski ilə iyul ayında baş tutmuş qalmaqallı telefon danışığının xülasəsini yayıb.
Baki-xeber.com xəbər verir ki, xülasəyə görə, Tramp Zelenskidən sabiq vitse-prezident Co Baydenin oğlunun Ukraynadakı fəaliyyətilə bağlı təhqiqat başlanmasını istəyib.
Ağ Evin yaydığı sənədə görə, 25 iyulda iki lider arasındakı görüşdə Tramp ukraynalı həmkarına, ABŞ-ın bu ölkəyə digər Avropa ölkələrindən daha çox kömək etdiyini söyləyərək, “Biz də indi sizdən bizim üçün bir yaxşılıq etməyinizi istəyəcəyik" deyib.
Tramp Zelenskiyə ədliyyə naziri Uliyam Barr və Trampın şəxsi vəkili Rubi Culiani ilə əlaqə qurmaları gərəkdiyini deyib: "Co Baydenin oğlu haqqında çox şey danışırlar. Baydenin məhkəmə sisteminə mane olduğu deyilir və çox sayda insan həqiqətləri bilmək istəyir".
Tramp "Ədliyyə nazirinin sizinlə və işçilərlə əlaqə saxlamasını və bu işi dərindən araşdırmağınızı istəyirəm" - deyən Trampın, Ukraynaya yardımın dayandırılması barədə heç nə deməməsi də diqqət çəkir.
Amerikanın “Wall Street Journal” qəzeti bir neçə gün əvvəl Trampın iyul ayında Zelenski ilə telefon danışığı zamanı Baydenin oğlu haqqında tədqiqata başlanmasını istədiyini yazırdı. Iddialara görə, qalmaqal Ağ Evin kəşfiyyat agentinin Tramp-Zelenski telefon danışığı ilə bağlı şikayət etməsi ilə başlayıb.
Tramp, iddialarla əlaqədar Zelenski ilə görüşünün tamamilə prosedurlar uyğun olduğunu vurğulayaraq, "Zelenski ilə nə danışdığım önəmli deyil. Biri Baydeni araşdırmalıdır" deyib.
Iki gün əvvəl isə ABŞ mediası Trampın Ukrayna liderinə Bayden və ailəsini araşdırdıqları təqdirdə kömək edəcəyini şərt kimi önə sürdüyünü iddia edib. Tramp isə Ukraynaya 400 milyon dollar yardımın telefon danışığından əvvəl dayandırıldığını söyləyib.
ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Demokratların nəzarətində olan palatanın rəsmi impiçment araşdırması başlatdığını elan edib və altı komitəyə prezidentin əməllərini təhqiq etmək barədə göstəriş verib.