Tramp təsdiqlədi - Üsamə bin Ladenin oğlu Həmzə öldürüldü

ABŞ prezidenti Donald Tramp Əl-Qaidə lideri Üsamə bin Ladenin oğlu Həmzə bin Ladenin öldürüldüyünü bəyan edib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Tramp Amerika xüsusi təyinatlılarının Həmzə bin Ladeni Əfqanıstanla Pakistan arasında bir bölgədə vurduğunu deyib.
Amrika mediası 30 yaşlı Həmzə bin Ladenin öldürüldüyünü hələ avqust ayında səhifələrinə daşımışdı. Başına 1 milyon dollar qoyulan Həmzənin ölüm xəbəri 45 gün sonra Ağ Ev tərəfindən də təsdiqlənib.
Ağ Ev bin Ladenin oğlunun ABŞ-ın Əfqanıstan-Pakistan regionunda apardığı terror əleyhinə əməliyyat zamanı öldürüldüyünü bildirib. “Həmzə bin Ladenin ölümü Əl-Qaidəni təkcə onun mühüm liderlik bacarıqları və atası ilə olan simvolik əlaqəsindən məhrum etmir, həm də qrupun vacib əməliyyatlarına xələl gətirir” - Ağ Ev yaydığı bəyanatda bildirib.
Ağ Ev oğul bin Ladeninin “Əl-Qaidənin planlaşdırma və digər terror qrupları ilə əlaqəsinə görə məsuliyyət daşıyan yüksək səviyyəli üzvü” olduğunu bildirib.
Beynəlxalq terror siyahısına salınan Həmzə 11 sentyabrda qaçırılan təyyarələrdən birində olan Məhəmməd Affanın qızı ilə evlənmişdi. Vaşinqtona görə, Üsamə bin Ladenin öldürüldüyü evdə oğlu Həmzənin Əl-Qaidəyə lider kimi yetişdirildiyini göstərən yazışmalar ələ keçirilib.
Onun atası 1996-cı ildə ABŞ-a qarşı müharibə elan edib və 2001-ci ilin 11 sentyabrında Birləşmiş Ştatlara qarşı terror hücumlarının arxasında da o olub. ABŞ Donanmasının üzvləri onu 2011-ci ildə Pakistanın Abbottabad şəhərindəki evinə reyd zamanı onu öldürüb.