İran Prezidenti Həsən Ruhani ABŞ ilə ikitərəfli danışıqlara dair heç bir qərarlarının olmadığını açıqlayıb. Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə "Təsnim" agentliyi məlumat yayıb.
Bildirib ki, İran Prezidenti bir tədbirdə çıxışı zamanı ölkə gündəliyindəki məsələləri qiymətləndirib: "ABŞ-la ikitərəfli danışıqlara dair heç bir qərarımız yoxdur. Əlbəttə bu istiqamətdə təklif var idi, lakin heç bir zaman müsbət bir cavab verməmişik. ABŞ bütün sanksiyalarını sona çatdırsa 5+1 iclaslarına qatılması mümkündür. Müzakirə dedikdə bəziləri ikitərəfli danışıqları başa düşür, amma ikitərəfli danışıqlar heç bir şəkildə gündəmdə deyil".
Həsən Ruhani, həmçinin qeyd edib ki, amerikalılar İran xalqına təzyiq göstərərək diz çökdürə bilməyəcəkləri qənaətinə gəliblər. Onun sözlərinə görə, İran xalqı iqtisadi müharibənin qalib tərəfidir. Avropa İttifaqı üzvü ölkələrlə danışıqlar cümə axşamı gününə qədər sona çatmayacağı təqdirdə üçüncü addımı elan edəcəklərini ifadə edən prezident Ruhani deyib: “Atdığımız ilk addımdan sonra 5+1 ölkələrə tarixi fürsət verdik. Onlar verilən müddət ərzində öhdəliklərini yerinə yetirə bilərlər. ABŞ nüvə razılaşmasından birtərəfli çıxdıqdan sonra Aİ ölkələri vəzifələrini yerinə yetirmədilər. Əgər bu öhdəliklərə əməl edilərsə ABŞ-ın siyasi, sosial və iqtisadi məğlubiyyətə uğrayacağına inamım tamdır”.