İsrailin Baş naziri Binyamin Netanyahu İranın bölgədəki təcavüzünü artırdığını iddia edərək Fransa prezidenti Emmanuel Makrona belə bir vəziyyətdə Tehranla görüşməyin doğru olmadığını deyib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu bardə məlumat yayan İsrail Baş naziri mətbuat xidməti, Netanyahu və Makronun telefonla regional məsələləri müzakirə etdiklərini bildirib.
Fransa tərəfinin istəyi ilə keçirilən görüşdə Netanyahu İsrailin özünü hər cür hücumdan qoruyacağını vurğulayıb və Makrona xəbərdarlıq edib: "Bölgədəki təcavüzünü artıran İranla görüşmək üçün uyğun vaxt deyil".
Makron, Fransanın Biarrita şəhərində keçirilən G7 sammitinin son gün sessiyasından sonra ABŞ Prezidenti Donald Trampla birgə mətbuat konfransında, gələcək həftələrdə Tramp və Həsən Ruhaninin görüşməsini təklif edib. O, görüşün baş tutması və razılıq əldə olunması üçün şərait yaratdıqlarını da vurğulayıb.
Tramp da Ruhani ilə görüşmə ehtimalı barədə "şərtlər uyğun olarsa, əlbəttə ki, edərəm" demişdi.