Almaniya DİN-dən PKK ilə bağlı şok hesabat… Avropadan terrorçulara bir ildə 25 milyon avro göndərilib

Almaniyada hazırlanan bir hesabat, terror təşkilatı PKK-nın 2018-ci ildə Avropadan 25 milyon avro pul topladığını ortaya çıxarıb.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Almaniya Federal Daxili İşlər Nazirliyi tərəfindən açıqlanan və ölkənin daxili təhlükəsizliyi ilə bağlı ən mühüm hesabatda PKK ilə bağlı şok məlumatlar və sənədlər yer alıb.
Sənəddə 20 səhifə PKK-dan bəhs olunur. Hesabata görə, Almaniyada 14 min 500 PKK üzvü var, onların zorakılığa meylli olduğu qeyd olunub.
Hesabatda PKK-nın maliyyələşmə fəaliyyətləri də yer alıb. PKK-nın 2018-ci ildə Almaniyadan 14 milyon avro, bütün Avropadan 25 milyon avro topladığı qeyd edilib. Təşkilatın pul mənbəyinin ianələr, üzvlük haqları, yayımların satışından gələn gəlirlər, tədbirlərdən əldə edilənlər olduğu açıqlanıb. Pullara nəzarəti isə PKK-Kaderin maliyyə və maliyyə bürosu EMB həyata keçirir.
Hesabata görə, 2018-ci ildə terrorçu PKK tərəfdarlarının qarışdığı cinayətlərin sayı 1873 olub. Bu rəqəm 2017-ci ilə görə 82,2 faiz artıb. Daxili İşlər Nazirliyinin hesabatında PKK ilə bağlı "Almaniya üçün təhlükə potensialı" adlı ayrıca başlıq da açılıb. Bu barədə hesabatın 250-ci səhifəsində deyilir: “PKK Almaniyada ən çox üzvü olan və təsirli gücə malik xarici mənbəli təşkilatdır. 2018-ci ildə yeni üzvlər qazanmasalar da onlara bağlı kütləni hərəkətə gətirmək gücləri var.
Türkiyə Suriyada əməliyyat keçirərsə, Almaniyada təhlükəsizlik vəziyyəti pisləşəcək. Onlar və onlara qarşı olanların aksiyaları genişlənəcək”.