Əsəd Türkiyənin hərbi bazasını mühasirəyə saldı

Xan Şeyxunu ələ keçirən Suriyanın rejim qüvvələri irəliləyişini davam etdirir. Baki-xeber.com xəbər verir ki, “Reuters” agentliyi Bəşər Əsəd rejiminin Hama əyalətinin şimalını da ələ keçirdiyi barədə məlumat yayıb.
Bununla Əsəd rejimi 7 ildən sonra Hama əyalətini tam nəzarət altına alıb.
Qeyd edək ki, rejim Xan Şeyxun şəhərini ələ keçirmək üçün bir neçə gün əvvəl İran dəstəkli silahlı qruplar, Rusiya və muzdlu əsgərlərin dәstәyilә əməliyyat başlatmışdı. Şəhərə hücum əməliyyatına Rusiya havadan dəstək verirdi.
Günlərlə davam edən qarşıdurmalardan sonra rejim və dəstəkçiləri şəhəri mühasirəyə almışdı, avqustun 22-də isə şəhər mərkəzi tam ələ keçirilib. Xan Şeyxunun ələ keçirilməsindən sonra şəhərin cənubundakı Morik və Kefer Zita qəsəbələri mühasirəyə düşüb.
İdlibin cәnubundakı Xan Şeyxun şəhəri 2014-cü ildәn ilk dəfə rejimin nəzarətinə keçib.
Bu gün də Xan Şeyxunda irəliləyən rejim qüvvələri və dəstəkçiləri Morek qəsəbəsində olan Türkiyə hərbi bazasını tam mühasirəyə alıb. Burada Astana razılaşması çərçivəsində Türkiyənin nəzarət bölgəsi yerləşir.
Məsələ ilə bağlı Rusiya və Türkiyə prezidentlərinin telefon danışığı olub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı rejimin İdlibdəki atəşkəs pozuntuları və hücumlarının böyük bir humanitar böhrana səbəb olduğunu, bu hücumların Suriyadakı həll prosesinə zərər verdiyini və Türkiyənin milli təhlükəsizliyi üçün ciddi bir təhdidə çevrildiyini söyləyib.
Astana razılaşmasını alt-üst edən Xan Şeyxunun işğalını, gözlənildiyi kimi, Rusiya çox məmnuniyyətlə qarşıladığını son açıqlamasında dilə gətirib. “Əlbəttə, qruplar üzərində bu cür zəfərlər məmnuniyyətlə qarşılana bilər, terrorçular və terrorçu qruplarla mübarizənin bütün istiqamətlərdə davam edəcəyi açıqlanmışdı” - Kremlin sözçüsü Dmitri Peskov Xan Şeyxunun işğalından sonra deyib.
Rusiya Xarici İşlər Nazirliyi isə, nə qədər maraqlı olsa da, hələ də İdlib razılaşmasına sadiqlikdən danışır: “Türkiyə ilə əldə etdiyimiz İdlib razılaşmasına bağlı qalınması önəmlidir. Olub bitənlərlə bağlı Türkiyə ilə təmasdayıq”.
Rusiya, İran dəstəkli silahlı qruplar, rejimin son hücumları başlayandan sonra isə 112 min mülki şəxs Xan Şeyxundakı evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb. Hazırda şəhər mərkəzində mülki şəxsin qalmadığı bildirilir.
Xan Şeyxun 2017-ci ilin aprel ayında Bәşәr Әsәd rejiminin tәşkil etdiyi və 100 nəfərin ölümünə səbəb olan kimyәvi hücumdan sonra dünyanın gündәmini zәbt edib.