Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iki bankının ABŞ-ın sanksiyalarına baxmayaraq, İranla maliyyə əməliyyatları ilə bağlı razlığa gəldiyi iddia edilir.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, İLNA-ya açıqlama verən İran Birja Birliyinin baş katibi Şahab Kurbani, İran və BƏƏ-nin sanksiyalara baxmayaraq bank sektorunda münasibətlərini yaxşılaşdırdıqlarını söyləyib.
"Birləşmiş Ərəb Əmirliklərindən iki bank İranla maliyyə əməkdaşlığına hazır olduqlarını bəyan edib. Bu mövzuda danışıqlar başladı, lakin hələ əməliyyatlarla bağlı reai fəaliyyətə başlanmayıb" – Kurbani deyib.
İranın bank əməliyyatlarını Oman vasitəsi ilə apardığını bildirən Kurbani, Omanın valyutasının beynəlxalq bazarlarda dəstəklənmədiyini və buna görə də baha olmasına baxmayaraq, BƏƏ banklarına üstünlük verəcəklərini deyib. Lakin Kurbani sözügedən BƏƏ banklarının adını açıqlamayıb.
Regional məsələlərdə Səudiyyə Ərəbistanı ilə birlikdə İrana qarşı cəbhədə yer alan BƏƏ rəhbərliyinin, son zamanlar İranla yaxınlaşdığına dair mediada xəbər dolaşır.