Rusiyanın neft bazarındakı davranışı qara qızılın qiymətinin 2016-cı ildə yüksəlməsi üçün əsas faktor olacaq. Trend-in məlumatına görə, bu barədə "Business Insider" saytı yazır.
RBC Capital Markets-in xammal şöbəsinin müdiri Helima Kroft hesab edir ki, OPEK üzvlərinin neft hasilatını azaltması qara qızıl üçün böyük dayaq ola bilər. Belə ölkələr sırasında Səudiyyə Ərəbistanı və bu kartelə üzv olmayan dövlətlərdən Rusiya qeyd edilir.
OPEK üzvlərinin fevral görüşü ərəfəsində Rusiyanın energetika naziri Aleksandr Novakın hər neft hasil edən ölkə tərəfindən hasilatın 5% azaldılması ilə bağlı danışıqların mümkünlüyünü bəyan etməsindən sonra neftin qiymətləri 8 faizə qədər yüksəlib. Daha sonra OPEK-də Səudiyyə Ərəbistanından Rusiyaya hər hansı təklif olmadığını bildiriblər.
"Rosneft"in mətbuat katibi Mixail Leontyev "Financial Times" qəzetinə müsahibəsində bildirib ki, bu sahədə məsləhətləşmələr mütəmadi davam etdirilir: "Nəzəriyyədə hər şey mümkündür".