Azərbaycan dünyada miqrasiya böhranının güclənməsi fonunda digər ölkələrlə bu məsələdə təcrübəsi ilə bölüşə bilər. Trend-in məlumatına görə, bunu BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının Bakı nümayəndəliyinin rəhbəri Sərhan Aktoprak Bakıda Avropa İnsan Haqları Məhkəməsi və Fundamental Hüquqlar üzrə Avropa Agentliyinin birgə hazırladığı "Sığınacaq, sərhəd və immiqrasiya məsələlərinə dair Avropa Qanunvericiliyi üzrə vəsait"in Azərbaycan dilində nəşrinin təqdimatı zamanı bildirib.
Onun sözlərinə görə, Aİ Azərbaycana miqrasiya məsələlərində kömək göstərməyə davam edəcək.
Aİ-nin Azərbaycandakı səfiri Malena Mard isə qeyd edib ki, Aİ və Azərbaycan readmissiyalar haqqında saziş imzalayıblar və bu ondan xəbər verir ki, miqrasiya problemi ikitərəfli əməkdaşlığın gündəliyində çoxdan var: "Aİ Azərbaycanda miqrasiya probleminin həlli üçün 2017-ci ilədək 3,5 milyon avro ayıracaq".