Tramp Yaxın Şərqdə qeyri-sabit vəziyyətin hökm sürdüyü bir vaxtda, ABŞ-ın strateji rəqibi olan Çinə 8,5 ildən sonra ilk dəfə səfər edib. Xinhua agentliyinin məlumatına görə, Tramp siyasi müşavirləri və Amerika şirkətlərinin nümayəndələrinin də daxil olduğu böyük bir nümayəndə heyəti ilə üç günlük səfər üçün Pekinə gəlib.
Keçmiş prezident Bayden öz səlahiyyət müddəti ərzində Çinə səfər etməyib. ABŞ-dan Çinə sonuncu yüksək səviyyəli səfər Trampın 2017-ci ildəki birinci səlahiyyət müddəti ərzində baş tutub.
Səfər zamanı Trampı dövlət katibi Marko Rubio, müdafiə naziri Pit Heqset, ticarət nümayəndəsi Ceymison Qrin və Ağ Evin aparat rəhbəri Stiven Miller, Tesla şirkətinin baş direktoru İlon Mask, Apple şirkətinin baş direktoru Tim Kuk və Nvidia şirkətinin qurucusu Jensen Huang da daxil olmaqla 17 Amerika şirkətinin nümayəndələrindən ibarət biznes nümayəndə heyəti müşayiət edir. Maliyyə naziri Skott Bessent də Cənubi Koreyanın Seul şəhərində Çinlə iqtisadi və ticarət danışıqlarını başa vurduqdan sonra Pekinə yola düşüb.
Bu dəfəki Çin zirvəzi doqquz il əvvəl Pekinə edilən "turist" səfərindən çox fərqlidir. Masada iki supergücü müharibə həddinə çatdıran məsələlər var.
Bildirilir ki, Si Cinpin Çinin enerji mənbəyi olan İran neftinə blokada tətbiq edən ABŞ-ın prezidentinin qarşısına Tehranın dəstəklədiyi dörd maddəlik sülh planı ilə çıxacaq. Bundan əlavə, hesab edilir ki, Si Cinpin ABŞ-ın Tayvan siyasətini yumşaldacağına ümid etsə də, Tramp ətrafındakı milyarderlərlə iqtisadi qazanc əldə etməyə çalışacaq.
“The New York Times” qəzetinin məlumatına görə, Pekindəki tarixi sammitdə müzakirə olunacaq ən vacib məsələ Çinin qlobal müdafiə və aerokosmik sənayesi üçün vacib olan "Nadir torpaq elementləri"nə embarqosu olacaq. Keçən il Trampın "Müstəqillik Günü" adı altında tətbiq etdiyi tariflərə cavab olaraq xammal ixracını dayandıran Çin bəzi metalların qiymətini 100 dəfə artırıb.
Çin qırıcı təyyarələrdə, raketlərdə və kommersiya təyyarələrində həddindən artıq qızmanın qarşısını almaq üçün istifadə edilən həyati əhəmiyyətli element olan samariumun ixracını demək olar ki, tamamilə dayandırıb. Çində kiloqramı cəmi 2 dollara satılan samariumun qiyməti xaricdəki qara bazarda 500 dollara qədər yüksəlib. ABŞ mediasının məlumatına görə, “Boeing” və “Airbus” təchizat zəncirlərində yarana biləcək fasilələrin qarşısını almaq üçün yüksək hazırlıq vəziyyətinə keçib.
Pekin həmçinin hərbi dron modellərində, elektrikli nəqliyyat vasitələrində və qabaqcıl əyləc sistemlərində istifadə edilən "disprosium" elementi üzərində tam nəzarətə malikdir. Çin, ölkə daxilində 200 dollara satdığı bu vacib xammalı Qərbə tədarük etməməklə, Amerika müdafiə sənayesinə birbaşa zərər vurur. Yarımkeçirici çip istehsal avadanlıqlarında və reaktiv mühərriklərdə istifadə edilən "ittrium"a gəldikdə, Çinin sammitdən əvvəl ABŞ-a jest edərək bir neçə məhsul göndərməsi danışıqlar üçün qapının açıq olduğuna işarə kimi qəbul edilir.
Tahir TAĞIYEV