Elşad Həsənov: “Sərhəd idarəçiliyi mübadiləsinin delimitasiya prosesini pozacağını gözləmirəm”
Ermənistan və Avropa İttifaqı sərhəd idarəçiliyi sahəsində əməliyyat məlumatlarının mübadiləsi ilə bağlı işçi sənədi paraflayıblar. Sənəd Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan və Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinin (Frontex) icraçı direktoru Hans Leydens tərəfindən imzalanıb.
Sənəd sərhəd və miqrasiya idarəçiliyində əməkdaşlığı gücləndirməyi hədəfləyir və həmçinin Ermənistana viza liberallaşdırılması fəaliyyət planının həyata keçirilməsində dəstək verəcək. Həmçinin Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və Avropa Komissiyasının Qonşuluq, Türkiyə və Genişlənmə Danışıqları Baş Direktorluğunun Qonşuluq Şərqi və İnstitusional Gücləndirmə direktoru Adrien Kiraly Aİ-nin investisiya çağırışının həyata keçirilməsini asanlaşdırmağa yönəlmiş ardıcıl tərəfdaşlıq sənədi imzalayıblar.
O da məlumdur ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası prosesi gedir. Belə vəziyyətdə həmin sənəd Aİ-yə Azərbaycan-Ermənistan delimitasiya prosesinə müdaxilə etməyə şans, imkan yarada bilərmi və bu, nə nəticə verə bilər?
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən siyasi ekspert Elşad Həsənov hesab edir ki, Ermənistan-Aİ yaxınlaşmasının kökündə dayanan əsas faktor bu ölkəni Rusiyanın caynağından qoparmaqdır: “İmzalanan sənəd ilk növbədə Rusiyaya mesajdır ki, biz Ermənistanda mövcud hakimiyyəti hərtərəfli dəstəkləyirik. Bu səbəbdən Ermənistana çox ciddi maliyyə dəstəyi göstərilir. Məhz uzun illər Rusiyanın forposu olmuş Ermənistanın Moskvanın təsirindən çıxarmaq heç vaxt aktual olmadığı qədər aktuallaşıb. Məqsəd həm də Ermənistanla Avropa arasında əməkdaşlığı strukturlaşdırmaqdır. Bu, Rusiyanın Cənubi Qafqazda sonuncu dayaq nöqtəsini əlindən almaqdır. Məhz buna görə də Ermənistan və Avropa İttifaqı arasında sərhəd idarəçiliyi sahəsində sənəd imzalanıb. İndi onların Ermənistan sərhədinə göndərdikləri nümayəndələrin sayı hələlik 16 nəfərdir. Düşünmürəm ki, sərhəd idarəçiliyi sahəsində əməliyyat məlumatlarının mübadiləsi delimitasiya prosesini pozsun. Yaxud da ona hansısa müdaxiləyə şərait yaratsın. Çünki Ermənistanla Azərbaycan arasında sərhəd mübahisəsi, qarşıdurma Avroittifaqın maraqlarına cavab vermir. Bu, Rusiyanın müdaxiləsi üçün, Ermənistanda hərbi mövcudluğunu saxlamaq üçün şərait yaradır. Brüsselin məqsədi Erməninstanın İran və Türkiyə sərhədindən Rusiya sərhədçilərini çıxarmaqdır. Daha sonra isə Gümrüdəki Rusiya hərbi bazasının ləğvini gündəmə gətirməkdir. Nəzərə almaq lazımdır ki, artıq Ermənistanın İran və Türkiyə ilə sərhədindəki nəzarət-buraxılış məntəqələrindən rus sərhədçiləri çıxarılıb. Nəzarət tam Ermənistanın sərhəd qüvvələrinin əlindədir. Bütün bunlar onu göstərir ki, Avropa İttifaqı, Avropa Komissiyası çalışır ki, Rusiyanın Ermənistandakı hərbi mövcudluğuna son qoyulsun. Məhz bu səbəbdən seçki ərəfəsində Aİ-dən Ermənistana göstərilən dəstək artır. O üzdən Aİ-nin sərhəddə delimitasiyaya müdaxilə edəcəyini düşünmürəm. Həm də ona görə ki, Paşinyan dəfələrlə çıxışlarında SSRİ dönəmində Azərbaycanla Ermənistan arasında mövcud olan sərhədlərin bərpa ediləcəyini bəyan edib”.
Vidadi ORDAHALLI