ABŞ, İsrail və İran arasındakı böhranın dərinləşdiyi bir vaxtda ABŞ mətbuatından Yaxın Şərqi silkələyəcək bir iddia ortaya atılıb. "Wall Street Journal" qəzetinin məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) aylardır İrana qarşı gizli hərbi əməliyyatlar keçirir. Neft emalı zavodlarını və strateji yerləri hədəf aldığı iddia edilən bu hücumların bölgədəki gərginliyi yeni və təhlükəli səviyyəyə çatdırıb.
İddia edilir ki, BƏƏ özünün qabaqcıl hava gücündən və Qərb istehsalı olan qırıcı təyyarələrdən istifadə edərək İrandakı vacib enerji obyektlərini hədəfə alıb. İddiaların mərkəzində isə İranın Fars körfəzindəki Lavan adasında yerləşən neft emalı zavoduna hücum yer alır. Aprelin əvvəlində baş verdiyi bildirilən hücum nəticəsində böyük yanğın baş vermiş və zavodun istehsal gücünün əhəmiyyətli bir hissəsi sıradan çıxmışdı. O zaman İran hökuməti zavodun "düşmən hücumu" ilə vurulduğunu iddia etmiş, sonra da BƏƏ və Küveytə raket və pilotsuz təyyarələrlə hücumlar həyata keçirmişdi.
ABŞ administrasiyasının da Körfəz ölkələrinin İrana qarşı daha fəal rol oynamasını səssizcə dəstəklədiyi bildirilir. BƏƏ Xarici İşlər Nazirliyi iddialarla bağlı birbaşa şərh verməkdən imtina edib, lakin ölkənin "düşmən hərəkətlərinə cavab vermək hüququna malik olduğunu" vurğulayıb. Pentaqon və Ağ Ev də məsələ ilə bağlı açıqlama verməyib.
Hesabatda həmçinin bildirilir ki, BƏƏ-nin münaqişədə birbaşa iştirakı ilə bağlı iddialar nə İsrailə, nə də ABŞ-a məxsus olduğu düşünülən döyüş təyyarələrinin İran hava məkanında müşahidə edilməsindən sonra daha da güclənib. Açıq mənbəli tədqiqatçılar İran üzərində müşahidə edilən Fransanın “Mirage” qırıcı təyyarələrinin və Çin istehsalı “Wing Loong” dronlarının BƏƏ-nin inventarında olduğunu qeyd ediblər.
BƏƏ-nin hücumları Əbu Dabinin regionda iqtisadi maraqlarını və artan siyasi təsirini qorumaq strategiyasının bir hissəsi kimi dəyərləndirilir.
Tahir TAĞIYEV