Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 875.1 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0.2 faiz çoxdur.
Aprel hesabatına əsasən, qeyri-neft-qaz sektorunda 0.7 faiz artım müşahidə olunsa da, neft-qaz sektorunda əlavə dəyər 0.9 faiz azalıb. Qeyd edək ki, ilin ilk rübündə ölkə iqtisadiyyatında 0.3 faiz kiçilmə qeydə alınmışdı. Əksər iqtisadçılar ÜDM-dəki son artımı, əsasən, son aylarda dünya bazarında neftin bahalaşması ilə izah edirlər. Bununla belə, ölkədə neft hasilatı azalmağa doğru gedir. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin yanvar-mart aylarında Azərbaycan 130 milyon 938 min ABŞ dolları dəyərində 187 min 341 ton neft məhsulu ixrac edib. Bu göstəricilər 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 2.3 dəfə, həcm baxımından isə 53.1 faiz artım deməkdir. Fevralın 28-dən etibarən ABŞ və İsrailin İrandakı hədəflərə zərbələr endirməsi, rəsmi Tehranın isə raket və dron hücumları ilə cavab verməsi qlobal neft bazarına təsirsiz ötüşməyib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə tərəflər arasında ikihəftəlik atəşkəs elan edilsə də, dünya neftinin 20 faizinin daşındığı Hörmüz boğazının bağlı qalması qiymətləri yüksək həddə saxlayır.
Hazırda ÜDM göstəricilərinə görə Azərbaycan qonşularından geri qalır. Neft qiymətində artım strateji valyuta ehtiyatlarına müsbət təsir edib. Bu il mayın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 87 milyard 916,2 milyon ABŞ dolları təşkil edib. Məlumata görə, bu, ötən il mayın 1-nə nisbətən 15 faiz çoxdur. Təkcə apreldə ölkənin strateji valyuta ehtiyatları 2 milyard 765,1 milyon ABŞ dolları artıb. 2025-ci ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dolları təşkil edib.
Ramil QULİYEV