İsrailin nəqliyyat naziri Miri Regev iddia edib ki, İranla müharibə səbəbindən ölkədə yerləşdirilən ABŞ təyyarələri hava limanlarını işğal edib.
İranla müharibənin hələ bitmədiyini deyən israilli nazir, əlavə edib ki, ABŞ hərbi təyyarələri səbəbindən ölkənin, xüsusilə Ben-Qurion və Ramon hava limanları faktiki olaraq hərbi bazalara çevrilib. İsrail rəsmiləri ABŞ-ın bölgədəki hərbi gücünün həm mülki aviasiyaya, həm də iqtisadiyyata ciddi təsir göstərdiyini etiraf ediblər.
Regev ABŞ tanker təyyarələrinin mövcudluğu ilə bağlı "Çünki İranla bağlı hələ işimiz bitməyib" deyib.
"Haaretz" qəzetinin məlumatına görə, İsrail hökuməti ABŞ prezidenti Trampın İrana qarşı əməliyyatları bərpa edib-etməməsi ilə bağlı qərarını gözləyir. Bildirilir ki, Ben-Qurion və Ramon hava limanlarında çoxsaylı ABŞ hərbi yanacaqdoldurma təyyarələrinin yerləşdirilməsi İsrail aviaşirkətlərinin fəaliyyətini ciddi şəkildə məhdudlaşdırıb. Təxminən 100 təyyarədən ibarət hava donanmasına malik İsrail aviaşirkətlərinin bəzi təyyarələrini xaricdə park etmək məcburiyyətində qaldığı bildirilir. Regev vəziyyətin əhəmiyyətli iqtisadi xərclər yaratdığını deyir: "Nəticə etibarilə, İsrail təyyarələri xaricdə park edilir və bu, çox baha başa gəlir. Aviaşirkətlərin itkilərini kompensasiya etməli olacağıq, əks halda onlar iflas edə bilərlər".
2023-cü ilin oktyabr ayından əvvəl İsrailə 100-dən çox xarici aviaşirkət uçuş həyata keçirirdisə, bu rəqəmin bu gün 21-ə düşdüyü bildirilir. Həmçinin bildirilir ki, 2026-cı ilin aprel ayında sərnişin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 74 faiz azalıb. Ramon Hava Limanında sərnişin sayı da ötən illə müqayisədə 60 faiz azalıb.
İsrail Mülki Aviasiya İdarəsinin direktoru Şmuel Zakai də ABŞ-ın hərbi təyyarələrinin İsrail aviasiya sektoruna ciddi ziyan vurduğunu bildirib.
"Ben Qurion Hava Limanı Amerika hərbi bazasına çevrilib" deyən Zakai bildirib ki, ABŞ təyyarələrinin çoxluğu yerli aviaşirkətlərə zərər verir və xarici şirkətləri İsraildən uzaqlaşdırır.
Tahir TAĞIYEV