Böyük Britaniyanın Xarici İşlər Naziri İvet Kuper və Daxili İşlər Naziri Şabana Mahmud 77 Leyborist millət vəkilinə qoşularaq Baş nazir Keyr Starmerin istefasını tələb ediblər.
Britaniya mediasında yer alan xəbərlərə görə, 7 may yerli seçkilərində və Şotlandiya və Uelsdə keçirilən regional parlament seçkilərində böyük məğlubiyyətə uğrayan Leyborist Partiyası daxilində Starmerin istefasını tələb edənlərin sırasına üç nazir də qoşulub.
Hökumət mənbələrinin məlumatına görə, Starmerin istefasını tələb edən üç nazirdən ikisi xarici işlər naziri Kuper və daxili işlər naziri Mahmuddur.
Baş nazir Starmerin istefasını tələb edən hakim partiya millət vəkillərinin sayı 77-yə çatıb. Starmerin istefasını tələb edən nazirin müşaviri olan millət vəkillərinin sayı isə iki nəfər artaraq beşə çatıb. Bu beş millət vəkili nazir müşaviri vəzifələrindən də istefa verdiklərini açıqlayıblar.
Starmerin istefasını tələb edən bəzi millət vəkilləri Mançester meri Endi Börnemin millət vəkili olması və partiyaya rəhbərlik etməsi ideyasını dəstəkləsələr də, səhiyyə naziri Ues Stritinqin də adı potensial namizəd kimi çəkilir.
Tahir TAĞIYEV