Rusiya yeni qitələrarası ballistik raket "Sarmat"ın sınağını keçirib. Bunu Rusiyanın Strateji Raket Qüvvələrinin baş komandanı Sergey Karakayev prezident Putinlə onlayn görüşdə bildirib.
Karakayev Putinə "Sarmat" raketinin bu gün sınaqdan keçirildiyini bildirib: "Bu gün maye yanacaqla işləyən “Sarmat” ballistik raketi buraxıldı. Sınaq uğurlu şəkildəhəyata keçirildi. Sınaq nəticələri raketin düzgün dizayn edildiyini təsdiqləyib".
Sözügedən raket sisteminin ilin sonuna qədər döyüş missiyasına başlayacağını deyən Karakayev, bunun strateji nüvə qrupunun imkanlarını gücləndirəcəyini bildirib.
Raketin hazırlanması üzərində işə 2011-ci ildə başladıqlarını xatırladan Putin, bunun dünyanın ən güclü raket sistemi olduğunu bildirib: “Raketdəki döyüş başlığı Qərb raketlərindən dörd dəfə güclüdür. Bu raket təkcə ballistik deyil, həm də suborbital kosmik uçuşlar həyata keçirə bilir. Bunun sayəsində raket 35 min kilometrdən çox məsafə qət edir ki, bu da dəqiqliyini ikiqat artırır, mövcud və gələcək raketdən müdafiə sistemlərini dəf edə bilir".
Putin Rusiyanın 2000-ci illərdə özünün çəkindirmə qabiliyyətlərini gücləndirməyə başladığını və bu səylərin bu gün də davam etdiyini bildirib.
Tahir TAĞIYEV