"Biz Ukraynanın Rusiya tərəfində döyüşən iki Çin vətəndaşını əsir götürməsindən xəbərdarıq. Çin Rusiyanın Ukraynaya qarşı müharibədə əsas dəstəkcisi olaraq qalır", - bunu ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus çərşənbə axşamı, aprelin 8-i axşam Vaşinqtonda keçirdiyi brifinqdə bildirib. Bryus deyib ki, Çin Rusiyanın müharibəni davam etdirmək üçün ehtiyac duyduğu ikili təyinatlı malların təxminən 80 faizini təmin edir. O,bura Çin naviqasiya cihazlarının, yarımkeçiricilərin və təyyarə komponentlərinin daxil olduğunu qeyd edib. ABŞ Dövlət Departamentinin sözçüsü əlavə edib: "Bu iki nüvə dövləti arasında davamlı əməkdaşlıq yalnız beynəlxalq qeyri-sabitliyi dərinləşdirəcək".
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Donetsk vilayətində cəbhədə Ukrayna Silahlı Qüvvələrinin (UAF) Rusiya qoşunlarının tərəfində döyüşən iki Çin vətəndaşını əsir götürüldüyünü bildirib. Onun sözlərinə görə, saxlanılan şəxslərin Çin vətəndaşlığını təsdiq edən sənədləri olub. Zelenski məhbusların videosunu da dərc edib və qeyd edib ki, Kiyevin rus bölmələrində döyüşən bu çinlilərin tək olmadığına inanmağa əsasları var. Çin və Rusiya rəsmilərindən bu barədə hələlik rəsmi cavab yoxdur. Ukrayna Xarici İşlər Nazirliyi Çinin Kiyevdəki müvəqqəti işlər vəkilini çağırıb, ondan Çin vətəndaşlarının Rusiya tərəfində Ukraynaya qarşı müharibədə iştirak etməsinə izahat tələb olunub.
Surxay Əliyev