Bazar ertəsi Avstriya paytaxtı Vyanada vasitəçilər İranın nüvə proqramı haqqında razılaşmaya gəlmək üçün son cəhdlərini edəcəklər. Razılaşma üçün son möhlət, yerli vaxtla gecə yarısıdır (Bakı vaxtı ilə 03:00).
Vasitəçilərin daha əvvəl dediyinə görə, iki tərəf arasında "ciddi fikir ayrılıqları" olaraq qalır. Beləliklə güman edilir ki, vaxtın uzadılması barədə razılaşma da mümkündür.
ABŞ, Birləşmiş Krallıq, Rusiya, Çin, Fransa və Almaniya istəyirlər ki, İran öz nüvə proqramını məhdudlaşdırsın. Dünya gücləri bunun əvəzinə BMT sanksiyalarının qaldırılmasını təklif edir.
Tehran deyir ki, nüvə silahını hazırlamaq deyil, atom enerjisini istəyir.
"Hazırda fikirlərimizi axırıncı cəhd üzrə cəmləşdiririk ki, ... bu baş tutsun", Britaniyanın XİN başçısı Philip Hammond deyib.
"Təbii ki, bunu edə bilməsək, növbəti addımları düşünməliyik".
ABŞ dövlət departamentinin yüksək rütbəli rəsmisi müxbirlərə deyib: "Son möhlətə 24 saatdan bir az çox qalıb deyə təbii ki, bir sıra variantı nəzərdən keçiririk... Vaxtın uzadılması onlardan biridir".
Nümayəndələr həmçinin daha sonra rəsmiləşdiriləcək sazişin tərtibini hazırlaya bilərlər.
İran prezidenti Həsən Rohani deyib ki, "Qərb hədsiz tələblər etməsə, razılıq mümkündür", İranın Resalat qəzeti məlumat verir.
Çin xarici işlər naziri Wang Yi həmçinin Vyanada gözlənilir. Beləliklə P5+1 kimi tanınan qrupun bütün üzvləri görüşdə iştirak edəcək.