ABŞ prezidenti Barak Obama sabiq dövlət katibi Hillari Klintonun çox əla prezident ola biləcəyini bəyan edib. APA-nın xəbərinə görə, B. Obama ABC telekanalına müsahibəsində H. Klintonla müntəzəm söhbət etdiyini və onu dost saydığını bildirib: "Lakin o, heç də bütün məsələlərdə mənimlə razılaşmır”.
B. Obama ölkənin növbəti prezidentinin də demokratların nümayəndəsi olmasında maraqlı olduğunu söyləyib: "Bunun üçün məndən asılı olan nə varsa, etməyə hazırlaşıram”.
Lakin bununla yanaşı, dövlət başçısı növbəti seçkidə oynayacağı rolun o qədər də ciddi təsirə malik olmayacağını söyləyib: "Mən hesab edirəm ki, Amerika xalqı artıq yeni avtomobilin qoxusunu hiss etmək istəyir. Onlar mənim kimi çox kilometrajı olan avtomobildə yox, başqa bir avtomobilin sükanı arxasında oturmaq istəyirlər”.