Ülviyyə Qəhrəmanlı: “Dünya təcrübəsi ilə yanaşı, yerli özəlliklərin də nəzərə alınması istiqamətində fikir mübadiləsi aparılıb”
Məlum olduğu kimi, “Davamlı sağlamlıq turizminin ölkənin iqtisadiyyatında rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın keçirilməsinin məqsədi sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən gənc alimləri, tədqiqatçıları bir araya gətirmək, onların təcrübələrini, yeni ideya və elmi nəticələrini bölüşmək üçün uyğun platforma təqdim etməkdir.
Məlumat üçün bildirək ki, beynəlxalq konfrans Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi Gənc alim və mütəxəssislərin 4-cü xüsusi – “Mənim ilk qrantım” müsabiqəsi çərçivəsində keçirilib.
Sağlamlıq turizmi ilə bağlı keçirilən konfrans barəsində ekspertin fikirlərini öyrəndik. Gənclər Turizmi İctimai Birliyinin rəhbəri Ülviyyə Qəhrəmanlı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, bu günlərdə Bakıda təşkil olunan layihədə “Sağlamlıq turizmi qeyri-neft sektorunun inkişafında aparıcı istiqamət kimi”, “Dünyanın tibbi və sağlamlıq turizmi, sağlamlıq və müalicə turizmində yeni tendensiyalar”, “Sağlamlıq turizmində xəstəxana və mərkəzlərin rolu”, “Tibbi və sağlamlıq turizmi üçün təyinatlar”, “Sağlamlıq turizmində marketinq strategiyaları: uğur hekayələri”, “Sağlamlıq və müalicə turizmində insan resurslarının problemləri və imkanları”, “Qonaqpərvərlik sənayesində sağlamlıq və müalicə turizminin əhəmiyyəti” mövzularında müzakirələr aparılıb.
Ü.Qəhrəmanlının sözlərinə görə, konfransın keçirilməsində məqsəd dünyada sağlamlıq turizmi ilə maraqlanan, bu sahədə elmi araşdırması olan alimlərin ölkəyə dəvət olunmasıdır. Dəvət olunan elm adamlarının hər biri öz sahəsi üzrə çıxışlar edib: “Alimlər öz ölkəsinin sağlamlıq turizmi ilə bağlı məlumat verdilər. Dünya təcrübəsi ilə yanaşı, yerli özəlliklərin də nəzərə alınması əsasında fikir mübadiləsi aparılıb. Konfransda gənclərin sağlamlıq turizmində rolunun nədən ibarət olması müzakirə olunub”.
Günel CƏLİLOVA