Davud Rəhimli: “Əlilliyin təyin edilməsində orqanizmin funksiyasının itirilmə faizinin müəyyən olunması...”
Xəbər verildiyi kimi, əlillikdə qruplar ləğv olunur. Əlillik orqanizmin funksiyalarının itirilməsi faizi ilə dəyərləndiriləcək. Əlilliyi olan şəxslərin hüquqları haqqında yeni qanun layihəsi hazırlanıb. Yeni qanuna görə, əlilliyin müəyyən olunması meyarları artıq ənənəvi olaraq 1,2,3-cü qruplarla aparılmayacaq, bu, sırf orqanizmin funksiyalarının itirilməsi faizinin dəyərləndirilməsi ilə olacaq.
Hazırda tətbiq olunan praktika isə tam ümumiləşmiş praktikadır. Belə ki, bütün 2-ci və 3-cü qruplara 5 illik müddətə, 1-ci qruplara isə müddətsiz təyinat aparılır.
Yeni qanunda isə əlilliyin müəyyən olunması meyarları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Səhiyyə Nazirliyinin xüsusi işçi qrupu, o cümlədən müxtəlif xəstəliklər üzrə mütəxəssislərlə birgə işləyir. Eyni zamanda, beynəlxalq təcrübə də öyrənilir. Bu günlərdə təkmil sənəd hökumətə təqdim olunacaq.
Qeyd edək ki, yeni qanunun bu ilin sonu, gələn ilin əvvəli qəbul olunması gözlənir.
Əlilliyi olan şəxslərin hüquqları haqqında yeni qanun layihəsi ilə bağlı fikir bildirən Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, əlilliyin qiymətləndirilməsi yeni qayda ilə aparılacaq: “1,2 və 3-cü qrup əlillik alan insanları çox vaxt müəyyən etmək asan olmurdu. Ancaq indi əmək qabiliyyətinin itirilməsinə görə faizlər olacaq. Həmin faizlər əsasında əlilliyin dərəcəsi təyin olunacaq. Dərəcəyə uyğun olaraq qiymətləndirmə aparılacaq. Yeni sistemin tətbiq olunması bu qrupa aid olan insanların dövlətdən aldığı müavinətin məbləğinə təsir edəcək. Faiz dərəcəsinə uyğun olaraq, əlillik müavinəti insanların pensiya məbləğindən də yüksək ola bilər. 3-cü qrup əlillər əsasən 45-50 manat məbləğində pensiya alırlar. 1-ci qrup əlillər Prezident təqaüdü ilə birlikdə 127 manat alır. Ancaq indi faiz dərəcəsi ilə sadaladığım rəqəmlər daha yüksək ola bilər”.
Həmsöhbətimizin sözlərinə görə, əlilliyin təyin edilməsində orqanizmin funksiyasının itirilmə faizinin müəyyən olunması bu sahədə bəzi problemləri aradan qaldıracaq.
Günel CƏLİLOVA