Rasif Bağırov: “Tibb müəssisələrinin sayı yetərincədir”
Son zamanlar paytaxtla yanaşı, bölgələrdə də müasir standartlara cavab verən tibb müəssisələri açılır. Ölkədə yeni tibb müəssisələri yaradılır və müasir avadanlıqla təchiz olunur, kadrların hazırlanması istiqamətində uğurlu addımlar atılır. Bununla yanaşı, ucqar ərazilərdə tibb müəssisələrinin sayının yetərincə olmadığı bildirilir.
Bu günlərdə Bakıda keçirilən tədibirdə ucqar rayonlarda yaşayan qadınların başlıca problemlərindən birinin tibb müəssisələrinin çatışmazlığı olduğu qeyd olunub: “Bəzən bu hallar ana və uşaq ölümünə səbəb olur. Belə olayların baş verməməsi üçün bəzi ucqar rayonlarda tibb müəssisələrinin sayı artırılmalıdır”.
Ekspertlər isə ucqar ərazilərdə tibb müəssisələrinin sayının yetərincə olduğunu bildirirlər.
Tibb eksperti Rasif Bağırov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda əhalinin sayına görə tibb müəssisələri fəaliyyət göstərir: “Xarici ölkələrlə müqayisədə Azərbaycanda əhalinin sayına görə tibb ocaqlarının sayı yüksəkdir. Tibb müəssisələrinin sayı yetərincədir. Hər hansı bir kənddə mütləq bir tibb müəssisəsi var. Həmin müəssisələrin yanında yeni tibb ocaqlarının yaradılmasına ehtiyac yoxdur. Ucqar ərazilərdə yeni tibb müəssisələri açmaqdansa, keyfiyyətə diqqət yetirmək lazımdır”.
Həmsöhbətimiz onu da vurğuladı ki, tibb sahəsində yaşanan problemlərdən biri bölgələrdə həkim çatışmazlığıdır. Danılmaz faktdır ki, bu gün səhiyyə sahəsində kadrların böyük əksəriyyəti Bakıda toplanıb: "Xatırladım ki, Sovet dövründə təyinat icbariliyi var idi. İndi təyinat azadlığı olduğundan, əksər kadrlar rayonlara, ucqar ərazilərə getməkdən çəkinir. Rayonlarda yeni diaqnostika mərkəzləri və xəstəxanalar tikilib. Həmin obyektlərdə geniş cərrahi əməliyyatlar keçirildikcə, ali kateqoriyalı mütəxəssislər Bakıya gəlməyi o qədər də əhəmiyyətli saymayacaqlar”.
Günel CƏLİLOVA