Fatimə Hacıbəyli: “Azyaşlılar üzrə inspeksiya sisteminin fəaliyyət göstərməsi təhsilin keyfiyyəti, davamiyyəti, cinayətə meylli olmağın qarşısının alınması, təlim-tərbiyə nöqteyi-nəzərindən böyük rol oynayacaq”
“Bir çox ölkədən fərqli olaraq, Azərbaycanın hüquq-mühafizə orqanlarında azyaşlılar üzrə inspeksiya sistemi fəaliyyət göstərir. Bu qurumun məqsədi azyaşlıların neqativ təsirlər altına düşməsinin qarşısını almaq, uşaqların təhsil, idman, istirahət hüquqlarının müdafiəsini təmin etməkdir”. Bunu daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov deyib.
Nazir müavininin sözlərinə görə, ailədaxili münaqişələrdən əziyyət çəkən, özünü tam ifadə edə bilməyən uşaqlar böyük şəhərlərə miqrasiya edirlər: “Onlar elə hesab edirlər ki, özlərini dolandıra biləcəklər. Nəticədə isə ayrı-ayrı işbazlar uşaqların əməyindən istifadə edirlər. Bu kimi hallara qarşı tərəfimizdən aidiyyəti orqanlarla birlikdə profilaktik tədbirlər görülür”.
Azərbaycanın hüquq-mühafizə orqanlarında azyaşlı uşaqlar üçün xüsusi bir inspeksiya sisteminin fəaliyyət göstərməsi uşaqların hüquqlarının qorunmasını təmin edir.
Məlumat üçün bildirək ki, digər ölkələrdən fərqli olaraq, belə sistem bir tək Azərbaycanda mövcuddur. Uşaqların hüquqlarının qorunması istiqamətində hüquq-mühafizə orqanlarında azyaşlı uşaqlar üçün xüsusi bir inspeksiya sisteminin fəaliyyət göstərməsinin əhəmiyyəti barədə danışan "Vəfa" Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, bu müsbət haldır: “Bu sistem sayəsində azyaşlı uşaqlara, şagird və yeniyetmələrə, onların valideynləri ilə münasibətlərinə diqqət yetiriləcək. Həmin sistemdə olacaq heyət daha çox dərs buraxanları, ailəsində zorakılığa məruz qalanları, atasız-anasız uşaqları, atası narkoman, yaxud alkoqol düşkünü olan uşaqları xüsusi nəzarətə götürəcəklər.
Münaqişəli ailələrin uşaqlarına, boşanmış və ya boşanmaqda olan ailələrdən olan şagirdlərə xüsusi diqqət göstəriləcək”.
Həmsöhbətimiz hesab edir ki, Azərbaycanın hüquq-mühafizə orqanlarında azyaşlılar üzrə inspeksiya sisteminin fəaliyyət göstərməsi təhsilin keyfiyyəti, davamiyyəti, cinayətə meylli olmağın qarşısının alınması, təlim-tərbiyə nöqteyi-nəzərindən böyük rol oynayacaq. Həmçinin, azyaşlıların və əsasən də şagirdlərin arasında tüfeyli həyat və cinayət hallarının da qarşısı alınacaq.
Günel CƏLİLOVA