Kəmalə Ağazadə: “Digər ölkələrlə müqayisədə bizdə uşaqların hüquqlarının qorunması ilə bağlı vəziyyət normaldır”
Dekabrın 20-də Azərbaycan Uşaqlarının IV Ümumrespublika Uşaq Forumu keçirilib. Prezident İlham Əliyev uşaqlara məktub yazıb. Forumda Prezident İlham Əliyevin məktubu baş nazirin müavini Əli Əhmədov tərəfindən oxunub.
Məktubda Azərbaycan dövlətinin uşaqlarla bağlı ardıcıl siyasətinin başlıca prinsipləri qeyd olunub: “Övladlarımızın yüksək mənəvi və sosial müdafiə mühitində böyüməsi, müasir standartlara uyğun, keyfiyyətli təhsillə, tibbi xidmətlərlə təmin edilməsi və xalqımızın milli dəyərlərə sadiq, mənən zəngin formalaşması Azərbaycan dövlətinin uşaqlarla bağlı ardıcıl siyasətinin başlıca prinsipləridir.
Uğurla icra olunan çoxsaylı sosialyönümlü layihələr də bu amala xidmət göstərir. Uşaqların müdafiəsi ölkə konstitusiyasında, qanunvericilik və normativ-hüquqi aktlarla tənzimlənir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu uşaqları beynəlxalq səviyyədə tətbiq olunmuş əsas hüquq və azadlıqlarını müəyyən edir. Siz uşaqlar xoşbəxtsiniz ki, yeni əsrə və yeni minilliyə müstəqil dövlət olaraq qədəm qoymuş ölkəmizdə dünyaya göz açmısınız. Bu ölkənin illərlə daha güclü, daha qüvvətli olması sizin gələcək xoşbəxt və firavan həyatınızın təminatı deməkdir”.
Ekspertlər bildirirlər ki, Azərbaycan dövlətinin uşaqlarla bağlı siyasətinin prinsipləri uğurla icra edilir. Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda “Uşaq hüquqları haqqında” Qanun var: “Həmin qanunu əlimizdə əsas tutaraq, uşaqların hüquq və maraqlarını lazımi şəkildə müdafiə edirik. Bizim əsas prioritetimiz uşaq hüquqlarının qorunmasıdır”.
Həmsöhbətimiz uşaqların hüquqlarının qorunması ilə bağlı dövlət siyasətini dəstəklədiyini dilə gətirdi. Onun fikrincə, digər ölkələrlə müqayisədə bizdə uşaqların hüquqlarının qorunması ilə bağlı vəziyyət normaldır: “Bu sahədə vəziyyət xarici ölkələrlə müqayisədə normaldır. Sadəcə, tək-tük hallar var ki, onlar ictimailəşəndə diqqətə ağır formada görünür”.
K.Ağazadənin sözlərinə görə, Azərbaycanda uşaqların hüquq və maraqlarının qorunması istiqamətində işlər görülür: “Uşaqların sağlamlığı, təhsil, ailə ilə yaşamaq hüquqları təmin olunur. Onların daha güclü şəkildə böyüməsi üçün lazımi işlər görülür və görüləcək”.
Günel CƏLİLOVA