İlqar Hüseynli: “Yeni təyin olunan icra başçıları özlərini rayonun sahibi kimi aparır”
Məlum olduğu kimi, Elxan Oqtay oğlu İbrahimov Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən 47 gün sonra işdən çıxarılıb. E.İbrahimov bu vəzifəyə noyabrın 12-də təyinat almışdı və Nəsimi rayonuna cəmi 47 gün rəhbərlik edib. O, bu müddət ərzində İcra Hakimiyyətində bir sıra kadr dəyişiklikləri etmişdi.
E.İbrahimovun işdən azad edilməsi ilə bağlı müxtəlif fikirlər səslənir. Mediada yayılan məlumata görə, o, özəl şirkətlərdən qeyri-qanuni pul yığdığına görə vəzifəsindən azad edilib. Onun Nəsimi rayonunda yerləşən iri şirkətlərdən 100-200 min manat pul yığdığı məlum olub.
Qeyd edək ki, bir neçə gün əvvəl E.İbrahimovun yeni təyin etdiyi köməkçisi Ceyhun İsmayılov da elə məhz bu məsələyə görə işdən çıxarılıb.
“Rayona yeni bir icra başçısı təyin olunan kimi o ərazidə olan iş adamları, dövlət strukturunda olan məmurlar müəyyən bir məbləğ civarında başçını təbrik etmək adı ilə ona külli miqdarda vəsait verir”
Sosial sahə üzrə ekspert İlqar Hüseynli baki-xeber.com-a şərhində bildirdi ki, icra hakimiyyəti strukturları nüfuzdan düşüb, korrupsiyalaşıb: “Yeni təyin icra hakimiyyəti başçıları özlərini nəyə görəsə o rayonun sahibi kimi aparır. Çox təəssüflər olsun ki, Azərbaycan cəmiyyətində qəribə psixoloji çatlar əmələ gəlir. Bu hal əsasən idarəetmə strukturunda müşahidə olunur. Hansısa bir rayona yeni bir icra başçısı təyin olunan kimi o ərazidə olan iş adamları, dövlət strukturunda olan məmurlar müəyyən bir məbləğ civarında başçını təbrik etmək adı ilə ona külli miqdarda vəsait verir. Bu həm yazılmamış qanundur, həm də danılmaz bir faktdır. Onu da deyim ki, söhbət böyük vəsaitlərdən gedir. Həmçinin, ərazidə hansısa şirkət bina tikərsə mütləq rayona təyin edilən başçıya həmin binadan mənzil hədiyyə etməlidir. Belə olan halda icra başçısı özünü rayonun ağası sanır. Bu vəziyyətdən narazı olanlar aidiyyəti qurumlara məlumat verməlidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, istənilən icra başçısının milyonluq, milyardlıq vəsaitləri, mülkləri var. Onlar buna “racon” hesabına nail olublar: “Bu səbəbdən də hesab edirəm ki, icra hakimiyyətləri ləğv edilməli, sistemdə dəyişiklik edilməlidir.
Günel CƏLİLOVA