Fatimə Hacıbəyli: “Məktəblərdə gender dərsinin hansı formada tədris olunacağı müəyyənləşdirilməlidir”
Ali təhsilin bakalavriat və magistratura səviyyələrində müvafiq ixtisasların təhsil proqramlarına gender bərabərliyinin tədrisi ilə bağlı fənlər və ya mövzular daxil ediləcək. Bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.
Sənədə əsasən, gender bərabərliyi ilə bağlı məsələləri özündə ehtiva edən seçmə fənlərin məzmununun müəyyən olunması, təhsil proqramlarına gender bərabərliyinin tədrisi ilə bağlı daxil edilmiş seçmə fənlərə aid tədris proqramlarının və dərsliklərin hazırlanması və təhsil proqramlarına gender bərabərliyinin tədrisi ilə bağlı seçmə fənlər üzrə aparılan tədrisin müntəzəm olaraq monitorinqi və qiymətləndirməsi planlaşdırılır.
“Orta və ali təhsil müəssisələrində məktəblilərin, tələbələrin liderlik, idarəetmə, qərarvermə və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirəcək fənlərin tədrisə daxil edilməsi mühumdur”
Təhsildə gender əsaslı fənlərin tədrisinin əhəmiyyəti haqqında danışan sosioloq Fatimə Hacıbəyli baki-xeber.com-a şərhində bildirdi ki, orta və ali təhsil müəssisələrində məktəblilərin, tələbələrin liderlik, idarəetmə, qərarvermə və yaradıcı düşünmə bacarıqlarını inkişaf etdirəcək fənlərin tədrisə daxil edilməsi mühumdur: “Bu təşəbbüs tələbələrin şəxsi inkişafı və peşəkar hazırlığının gücləndirilməsi baxımından əhəmiyyətlidir. Orta məktəblərdə dərsdənkənar məşğələlərdə qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzular tədris edilə bilər. Ümumiyyətlə, məktəblərdə gender dərsinin hansı formada tədris olunacağı müəyyənləşdirilməlidir. Bütün bunlar əlaqədar təşkilatların, qurumların ciddi nəzarəti altında işlənməli və nəzarət olunmalıdır.
Məncə, bunu orta məktəblərin sonuncu siniflərində tədris etmək daha düzgün olar. Çünki bu, yetkinlik dövrüdür. Bizim cəmiyyətdə uşağın yaşından asılı olmayaraq, ona uşaq kimi baxılır. Bu, çox yanlış yanaşmadır. Əksinə, biz çalışmalıyıq ki, onlar daha tez böyüsün, öz həyatı haqqında qərarlar qəbul edə bilsin. Ümumiyyətlə, biliyin gücü ondadır ki, o, bizim məsələyə münasibətimizi dəyişdirir. Həmişə deyilir ki, islahatlara orta məktəblərdən başlanmalıdır”.
Günel CƏLİLOVA