Ərşad Hüseynov: “Qarajın və ya duracağın sahibi nəqliyyat vasitəsinin salamatlığına görə məsuliyyət daşıyır”
Son zamanlar paytaxtda açıq parklanma yerlərinin sayı artır. Təbii ki, bu ərazilərdə bir çox avtomobilə ziyan da dəyir. Əksər sürücülər düşünür ki, avtomobili parklama məntəqəsində saxlayarkən ərazi “idarə olunur”, belə olan halda nəqliyyat vasitəsinə zərər dəyərsə məsuliyyəti də həmin qurum daşıyacaq. Ancaq görünən mənzərə fərqlidir.
Parklanma ərazisində avtomobilə hər hansı bir zərər dəyibsə, ziyanı hər hansı qurum deyil, şəxsin özü qarşılamalı olur. Bu günlərdə Milli Məclisin ötən iclasında ödənişli parklanma xidmətinin sığorta mexanizmi ilə təmin edilməsi məsələsi gündəmə gəlib. Qeyd olunub ki, qanunvericilikdə müvafiq dəqiqləşmələr aparılmalı və parklanma xidmətində sığorta məsuliyyəti aydın şəkildə müəyyən olunmalıdır. Çünki vətəndaş parklanma üçün ödəniş etdiyi halda parklanma yerində avtomobilinə dəyən zərərə görə heç bir təminat almır.
Ancaq xarici ölkələrdə ödənişli parklanma xidmətlərinin sığorta mexanizmi vahid model üzrə tənzimlənmir. Hətta bir çox ölkələrdə aydın məsuliyyət bölgüsü və dolayısı ilə sığorta təminatı mövcuddur.
“Açıq, ödənişli və ya ödənişsiz parklanma yerlərində avtomobilə dəymiş maddi ziyana görə parklanmanı idarə edən və ya təşkil edən şəxs maddi məsuliyyət daşımır”
Nəqliyyat eksperti Ərşad Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, küçənin kənarında, açıq, ödənişli və ya ödənişsiz parklanma yerlərində avtomobilə dəymiş maddi ziyana görə parklanmanı idarə edən və ya təşkil edən şəxs maddi məsuliyyət daşımır: “Bu halda məsuliyyət ziyanı vuran şəxsə aiddir. Yəni zərər kim tərəfindən vurulubsa, məhz həmin şəxs məsuliyyət daşıyır. Bu şəxs nəqliyyat vasitəsinin sürücüsüdürsə və avtomobili sığortalıdırsa, zərəri sığorta şirkəti ödəyə bilər. Qapalı parklanma yerlərində vəziyyət fərqlidir. Belə ki, həmin yerlər artıq sadəcə parklanma zonası deyil, qaraj və ya avtomobil duracağı hesab olunur. Nazirlər Kabinetinin qərarına və Mülki Məcəllənin ümumi müddəalarına əsasən, belə yerlər nəqliyyat vasitəsinin saxlanc yeri sayılır. Yəni sürücü avtomobilini oraya daxil edərək dayanma ilə həmin qarajın xidmətindən istifadə etmiş sayılır. Bu halda, qarajın və ya duracağın sahibi nəqliyyat vasitəsinin salamatlığına görə məsuliyyət daşıyır. Əgər orada avtomobilə zərər dəyərsə, həmin zərərin səbəbi və günahkar şəxs qarajın nəzarətçisi tərəfindən müəyyən edilir. Daha sonra məsuliyyət zərəri vuran şəxsə yönləndirilir və zərər ya onun sığorta şirkəti, ya da özü tərəfindən qarşılanır”.
Günel CƏLİLOVA