Bu gün təmirə ehtiyacı olan, qəzalı vəziyyətdə olan məktəb binalarının sayı az deyil. Bu hal tədrisin keyfiyyətinə mənfi təsir edir. Məktəblərdə verilən təhsilin keyfiyyəti qədər onun hansı şəraitdə verilməsi də önəmlidir. Təəssüf ki, Zərdab rayonunun Şahhüseynli kənd sakinləri məktəb binasının yararsız vəziyyətdə olmasından narazılıq edir.
Sakinlər iddia edir ki, Cabir Azayev adına Şahhüseynli kənd tam orta ümumtəhsil məktəbin pəncərələrində şüşə yoxdur, hər yer karton və taxta ilə örtülüb: “Məktəbin içi də uçub-dağılıb. Mənim üç uşağım var və bu vəziyyətdə övladlarımı həmin məktəbə qoymaram".
Təhsil ocağının çürük, dəlik-deşik olmuş döşəməsi, yağış sularından uçub-tökülmüş tavanı, əl dəyən kimi ovulan divarları, bir sözlə, saymaqla bitməyən problemləri var.
Mərkəzi Aran Regional Təhsil İdarəsi: “Binanın əsaslı təmir edilməsi plana salınıb”
Mərkəzi Aran Regional Təhsil İdarəsindən “Bakı-Xəbər”ə bildirildi ki, adıçəkilən ümumtəhsil məktəbinin vəziyyətindən məlumatlıdırlar və binanın əsaslı təmir edilməsi plana salınıb.
Cavanşir Əliyev: “Təmirə ehtiyacı olan məktəblər nəzarətə götürülməlidir, bu işə səhlənkar yanaşmaq olmaz”
Təhsil eksperti Cavanşir Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, təhsildə əsas məqsəd təhsilalanların bilik, savadının artırılması və onlara vərdişlərin öyrədilməsidir: “Modul tipli məktəblərin sürətlə inşası həyata keçirilərsə, uşaqlar yaxşı şəraiti olan təhsil müəssisələrində təhsilini davam etdirər. Tədrisin keyfiyyətinə birbaşa məktəbin infrastrukturu təsir göstərir. Bu gün qəzalı vəziyyətdə olan məktəblərin yetirmələrinin nəticəsi elə də yüksək deyil. Bu istiqamətdə dövlət proqramını daha da genişləndirmək lazımdır. Uşaqların sağlam şəkildə təhsil almasını, onların savadlı, bilikli olmasını istəyiriksə oxuduqları məkanın təmirinə, dayanıqlığına fikir vermək lazımdır. Ümumiyyətlə, aidiyyəti qurumlar qəzalı vəziyyətdə olan təhsil müəssisələrinin vəziyyəti ilə daim maraqlanmalıdır. Təmirə ehtiyacı olan məktəblər nəzarətə götürülməlidir. Bu işə səhlənkar yanaşmaq olmaz. Şagirdlərin dərs oxumaq imkanları daha da yaxşılaşdırılmalıdır. Tədrisin təşkili və reallaşdırılmasına uyğun daha çox təhsil ocaqları olmalıdır”.
Günel CƏLİLOVA