Abşeron rayonunun Masazır kəndində nizamsız tikinti bumunu hələ də durduran tapılmır.
Növbəti özbaşınalığın təzahürünə baxın. Kəndin düz ortasında - Əliağa Vahid küçəsində kimsə İcra Hakimiyyətinin və bələdiyyənin "gözündən yayınaraq" yeni bir çoxmərtəbəli binanın tikintisinə başlayıb. Tikintini aparan və ona icazə verənlər özləri bilər ki, ölkə prezidentinin Bakıda və Bakının yaxın ətraflarında nizamsız tikinti aparılmasını qadağan edən göstərişinə qarşı necə saymazlıq edirlər. Ancaq gördüyünüz kimi, bu işləri günün günorta çağında, şənbə günü aparmaqla Bakı-Novxanı kimi strateji yolu iflic ediblər. Maşınlar ilan kimi süzülərək keçmək zorundadırlar. Belə işləri gecə saatlarında görmək var ikən şənbə günü insanların əsəbi ilə oynamağın bir adı var - belələri qəsdlə insanları hökumətdən narazı salırlar.
Namiq Quliyev