Heç nə təsadüfən baş vermir. Səbəb-Nəticə əlaqəsi özünü hər yerdə, hər zaman göstərir. Uğur, qələbə peşəkarlıq və məsuliyyətin, uğursuzluq isə səriştəsizlik və məsuliyyətsizliyin Nəticəsidir.
Son 25 ildə elm və təhsildəki tənəzzülümüzün əsas səbəbi bu sahədəki səhv kadr və maliyyə siyasətidir. Bu ərəfədə Bakıda ICPC 2025 yarışması-proqramlaşdırma üzrə beynəlxalq olimpiada keçirildi. 103 ölkədən 140 komanda iştirak edirdi. Bu olimpiadanın qalibi Sankt- Peterburq Dövlət Universiteti tələbələri oldu. Komanda həm Northern Eurasia Regional Champion titulunu təsdiqlədi, həm də finalda 12 məsələdən 11 məsələni həll edərək birinciliyə yüksəldi. Hətta yarışın əvvəlində “Problem B – Blackboard Game” tapşırığını ilk həll edən də məhz onlar olub. Çin və Yapon tələbələri də qızıl medllar aldılar. Bəs biz? Həmişəki kimi, bizim komandalar çox zəif oldular. Bir müddət öncə şagirdlərin beynəlxalq riyaziyyat olimpiadası da bizim təhsil sistemi üçün çox uğursuz olmuşdu. Hesab edirik ki, yaranmış bu durum, təhsildəki ümumi vəziyyət daha yüksək səviyyədə - MM-də və NK-də ciddi təhlil edilməlidir, çünki, ETN artıq öz funksionallığını çoxdan itirib. Rusiya necə qalib oldu? Ruiy universitetlərinin İT sahəsində inkişafına bizdən fərqli olaraq, dövlət və özəl sektor ciddi maliyyə dəstəyi verir. Təkcə "Sberbank" bu il 6 universitetə 15 adda İT üzrə yeni təhsil proqramları yaratmağa 15 milyon $ investisiya edib. Əlavə olaraq digər özəl şirkətlər, nazirlik, universitetlərin özləri də bu prosesləri maliyyələşdirir. Bizimkilər isə bütün maliyyə imkanlarını universitet binaların təmir-tikintisinə sərf edirlər. Təhsildə tikinti "Prorab"larının Dünya üzrə yarışı keçirilsəydi, şübhəsiz ki, bizim komanda qalib olardı. 25 ildir təhsilə investisiya dedikdə, göz önünə məktəb tikintisi və universitetlərin təmiri gəlir. Azərbaycansayağı "təhsil investisiyası"na yaxın keçmişimizdən bir nümunə: 10-15 il əvvəl Bakı ş. 20 saylı məktəb 3 il ardıcıl olaraq əsaslı təmir edildi, binaya üzlüklər vuruldu, qoparıldı, yenisi vuruldu, sonda da məktəb tam söküldü, yenisi tikildi. Hərçənd bu məktəb sovetin son illərində tikilmişdi, şəhərin ən yaxşı məktəb binalarından biri idi. İndi isə yeni tikilən, büdcəyə çox baha başa gələn bu məktəbin şagirdlərinin çoxu məktəbdə yox, repetitor yanında dərs alır. Deyilənlərə görə bu "təhsil investisiyası" büdcəyə 30 milyon manata başa gəlmişdi. Belə investisiyanın təbii ki, təhsilə aidiyyatı ola bilməzdi. Bu məbləğ universitetlərimizdən birinin inkişafına, doğru -dürüst xərclənsəydi, həmən universitetdə az da olsa. müəyyən inkişaf ola bilərdi. Təhsilimizdə, eləcə də universitetlərimizdə heç vaxt düzgün investisiya siyasəti olmayıb. Olan cüzi pullar da illər ərzində səmərəsiz israf edilib. İnvestisiyasız universitet, suyu kəsilən dəyirman kimidir. Dəyirmanın suyu məmur biznesinə xidmət edir, şadlıq evləri şəbəkəsi, şərab zavodları çoxalsa da, universitetlər tənəzzül edir. Bizdə "Sahibkar Univeritet"lər əvəzinə "Sahibkar rektor"lar yaranır. Bütün bunlar isə ETN susqunluğu ilə baş verir. Susqunluq razılıq əlaamətidir. Bəli, səhv investisiya siyasəti təhsilə, dövlətə, xalqa ziyanlı olsa da, təhsil məmurlarının biznesinə çox yarayır. Ona görə də bu "səhv" hələ də davam edir. Dosent. İlham Əhmədov